JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Bu gün (14 sentyabr) Bakı Apelyasiya Məhkəməsinin hakim  Camal Ramazanovin sədrliyi ilə  “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış keçirildi.

Hakim C.Ramazanov apellyasiya şikayəti üzrə məhkəmə baxışının 23 sentyabr, saat 11.00-a təyin olunduğunu və işə mahiyyəti üzrə məhkəmə istintaqı aparılmadan baxılacağını elan etdi.
Qeyd edək ki, iddiaçı tərəf cəzanın artırılması, cavabdeh tərəf isə hökmün ləğv edilməsi və bəraət verilməsi ilə bağlı apellyasiya şikayəti verib. Belə ki, Azadlıq HərəkatçılarI Birliyinin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında  iddiasına əsasən 22 iyul Milli Mətbuat Günündə – “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevi Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqirə (maddə 148) görə cinayət cəzası nəzərdə tutan maddələri ilə təqsirli bilən  Bakı şəhəri Nizami rayon Məhkəməsi (hakim Ziya Əliyev) onların hər ikisini 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Həmin hökmlə qəzetin başqa bir yazarı Ramiz Tağıyevi isə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, hökm icra olunacaq.
Xatırladaq ki, “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrlə bağlı  Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində Təhmasib Novruzovun qaldırdığı iddiaya əsasən 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009-cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi.  İyunda iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdi.

Previous Post

BAKI ŞƏHƏRİNİN ERMƏNİ İŞĞALÇILARINDAN AZAD OLUNMASININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Next Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN İDDİASI EYNİ İCRAATDA BİRLƏŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.