GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN İDDİASI EYNİ İCRAATDA BİRLƏŞDİRİLİB

Bu gün (14 sentyabr ) Səbail rayon Məhkəməsində  hakim  Elnur  Həsənovun sədrliyi ilə Adnan Hacızadənin atası Hikmət Hacızadənin  və Emin Millinin (Avdullayev) atası Paşa Abdullayevin şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevə qarşı qaldırdıqları iddia üzrə məhkəmə prosesi  keçirildi.

Qeyd edək ki, hər iki valideyn ayrı-ayrılıqda iddia qaldırsalar da, iddiaların eyni icraatda birləşdirilməsi ilə bağlı vəsatətləri qəbul olunub.
Prosesdə çıxış edən iddiaçı tərəfin nümayəndələri görüş üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq, təmin edilmədiyini məhkəmənin diqqətinə çatdırıblar. Müstəntiq isə iddiaları qəbul etməyərək, qanundan kənar addım atmadığını vurğulayıb.
Hakim növbəti prosesi 17 sentyabr, saat 16.00-a təyin edib.   
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan gənclərə valideynləri ilə görüş verilməyib.

Previous Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Next Post

NAXÇIVANDA KİÇİK SAHİBKAR ŞİKAYƏT ETDİYİ ÜÇÜN RUHİ XƏSTƏLİKLƏR DİSPONSERİNƏ YATIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.