Bu gün (11 may) Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları – İdrak Abbasov, Elnur Məmmədov və Qəmbər Qəmbərovun Daxili İşlər Nazirliyinə (DİN) qarşı vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab olunmasına dair iddiasına əsasən hazırlıq iclası keçirilib.
Xatırladaq ki, oktyabrın 8-də “Milli yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Şahin Ağabəylinin və müavini Radil Məmmədovun Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbsi ilə əlaqədar keçirilən əməliyyat zamanı, hadisə yerində çəkiliş aparan RATİ əməkdaşları İdrak Abbasov, Qəmbər Qəmbərov və Elnur Məmmədov mülki geyimli şəxslərin təzyiqinə məruz qalmışdılar. Onların video və foto kameraları əllərindən alınmış, həmçinin Elnur Məmmədov saxlanılaraq Şahin Ağabəyli ilə eyni maşında aparılmış, sonradan yolda sərbəst buraxılmışdı. RATİ əməkdaşları qanunsuz hərəkətlərə yol verən polis əməkdaşlarının aşkar edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı DİN-ə müraciət etsələr də, həmin müraciətə baxılmamışdır.