BAŞ REDAKTORLARIN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

oktyabr 12th, 2009
Bu gün (12 oktyabr) RATİ-nin mətbuat mərkəzində “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və “Millətim” qəzetinin baş  redaktoru Fərəməz Novruzoğlunun həbs olunması ilə bağlı  mətbuat konfrnası keçirilib.

Konfransı giriş sözü ilə açan Ramiz Tağıyev bildirib ki, hər iki baş redaktor əslində Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzovun iddiasına görə deyil, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sifarişi əsasında həbs ediliblər. R.Tağıyev “Nota” və “Millətim” qəzetlərinin nəşrinin dayandırılmaması və həbs olunan baş redaktorların ailələrinə yardım göstərilməsi, həmçinin problemi diqqət mərkəzində saxlamaq üçün İşçi Qrupu yaradılmasını təklif etdi.
 
      “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirib və İşçi Qrupunun bütün qəzetlərin baş redaktorları ilə görüşlər keçirməsini təklif edib. Ə.Zeynallı qeyd edib ki, Azərbaycan mətbuatı baş redaktorların həbsi ilə bağlı biganəlik göstərib. Belə ki, S. Əlibəyli və F. Novruzoğlunun həbsi ilə bağlı cəmi bir-iki qəzetdə məlumat verilib.
 
      “Milli Yol” qəzetinin baş redaktoru Ş. Ağabəyli də bu məsələyə mətbuatın biganə yanaşmasından təəssüfləndiyini bildirib. Baş redaktor bildirib ki, bütün baş verənlər azad sözə qarşı basqıların gücləndiyini bir daha təsdiq edir.
 
      Xatırladaq ki, T.Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 8 oktyabr 2009-cu il tarixə Sərdar Əlibəyli və Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilib. Eyni hökmlə Ramiz Tağıyev 6 ay islah işləri cəzası alıb.
 
      Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə  şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.