Mətbuat azadlığını müdafiə qrupları Əvəz Zeynallının azad olunması üçün petisiyanı prezidentə göndərdi

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciəti ilə bağlı başlanan imza toplama kampaniyasını yekunlaşdırıb. Müraciət 236 nəfərə yaxın ictimai-siyasi xadim və hüquq müdafiəçiləri tərəfindən imzalanıb.

“Biz prezidenti öz səlahiyyətlərindən istifadə edərək Əvəz Zeynallının üzərindən saxta ittihamların götürülməsini və onun həbsdən azad olunmasını təmin etməyə çağırırıq”,-deyə RATİ sədri Emin Hüseynov qeyd edib.

Hüseynov bildirib ki, Zeynallının işi üzrə yekunlaşan məhkəmə istintaqı ittihamın tamamilə əsassız olduğunu və işin sifariş xarakterli olduğunu göstərib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev  Zeynallının işinin siyasi xarakterli olduğunu deyərək xatırladıb ki, “Xural”ın redaktoru prezident Əliyevi kəskin tənqid etdiyi məqaləsindən bir neçə gün sonra həbs edilib və elə həmin vaxt ona qarşı bir neçə ittiham üzrə cinayət işi açılıb.

Xural.com saytının redaktoru Əfqan Muxtarlı bildirib ki, prezident öz administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məhkəmənin işinə qarışmamaq göstərişi versə, Zeynallının azad edilməsi haqqında ədalətli qərar qəbul edilər.

Qeyd edək ki, martın 12-də saat 10.00-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Əvəz Zeynallı barəsində hökm oxunacaq.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Prezident anti-QHT qanun layihəsini təsdiqlədi

Next Post

Bəyanat: RATI jurnalist Əvəz Zeynallının azadlıqdan məhrum edilməsini pisləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.