Bəyanat: RATI jurnalist Əvəz Zeynallının azadlıqdan məhrum edilməsini pisləyir

579556_553424521344056_334107310_n

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxta rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və vergidən yayınma ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyir. RATİ Zeynallının 16 aydır ki  qanunsuz olaraq həbsdə saxlanmasını və ona qarşı çıxarılmış bugünkü ədalətsiz qərarı ifadə azadlığının təmin olunması ilə bağlı beynəlxalq standartları pozduğunu hesab edir və hökuməti jurnalisti dərhal azad etməyə çağırır.

“Bu gün Azərbaycanın mətbuat və ifadə azadlığı üçün ağır olan bir ildə daha bir qara gündür” deyə RATİ sədri Emin Hüseynov bildirib.  “Zeynallının azadlıqdan məhrum olunması prezident seçkiləri öncəsi jurnalistlər və media qurumları arasında özünü-senzura və qorxu hissinin yaradılmasına hesablanmış geniş planın bir hissəsidir”, Hüseynov fikrini bu cür tamamlayıb.

RATİ bildirir ki, Əvəz Zeynallını rüşvət alması ittihamı ilə həbs etdirən keçmiş deputat Gülər Əhmədovanın qalmaqallı rüşvət videosu ilə bağlı olaraq  həbs olunması   və onun mətbuata verdiyi açıqlamada jurnalisti şikayət etmədiyini bildirməsi, eyni zamanda Zeynallıya qarşı irəli sürülmüş ittihamın məhkəmədə  sübut olunmaması jurnalistə qarşı irəli sürülmüş ittihamın siyasi sifariş olduğunu göstərir və bu həbsin arxasında yüksək çinli məmurlar durur.

RATİ Əvəz Zeynallıya verilmiş cəzaya etirazını bildirərək, bu qərarın ifadə azadlığına təminat verən beynəlxalq standartları pozduğunu bildirir. RATİ bu səbəbdən hakimiyyəti jurnalisti dərhal azad etməyə və irəli sürülmüş ittihamları onun üzərindən götürməyə çağırır.

RATİ Azərbaycanda jurnalistlərin saxta ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum olunmasından dərin narahatlıq hissi keçirir. RATİ öz fikirlərini sərbəst şəkildə ifadə etdiklərinə görə jurnalistləri cəzalandırmaq üçün məhkəmələrdən istifadə olunmasını Azərbaycan Konstitusiyasına və ölkənin beynəlxalq öhdəliklərinə zidd hesab edərək, bunun jurnalistlərə “çəkindirici effekt” təsiri göstərəcəyini düşünür.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 109), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

RATİ Azərbaycan prezidentini öz səlahiyyətindən istifadə edərək ifadə azadlığına edilən basqılara son qoymağa çağırır.

RATİ həmçinin beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarını jurnalistin qanunsuz olaraq 9 il azadlıqdan məhrum edilməsinə sərt reaksiya verməyə çağırır.

Previous Post

Mətbuat azadlığını müdafiə qrupları Əvəz Zeynallının azad olunması üçün petisiyanı prezidentə göndərdi

Next Post

Bəyanat: RATİ anti-QHT qanun layihəsini pisləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.