"Presspost" xəbər portalının baş redaktoru Nigar Almanqızını ölümlə hədələyiblər. Bu barədə Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü məlumat verib. Onun sözlərinə görə, internetdə matanat@centrum.cz adlı e-maildən MSN vasitəsilə ona yazan bir nəfər onu təhqir edib və ölümlə hədələyib.
“Yanvar ayının axınlarında Çexiyada bir turizm şirkətinin orqanı olan "Çedok" jurnalında turist marşrutu üzrə xəritədə Qarabağ torpaqları Ermənistan ərazisi kimi göstərilmişdi. Bununla bağlı tənqidi məqalə dərc etdikdən sonra Çexiyada Azərbaycan diasporasının rəhbəri Elşən Nəzərovun etirazı ilə qarşılaşdıq” – deyən Nigar Almanqızı vurğuladı ki, bu məsələnin üstündən bir neçə gün keçəndən sonra Azərbaycanın Çexiyadakı səfirliyi məsələyə qatışıb və nəticədə jurnalın saytından xəritə yığışdırılıb. Baş redaktor bildirdi ki, 4 gün öncə (14 fevral) matanat@centrum.cz adlı e-maildən ona Elşən Nəzərovun fəaliyyəti barədə link göndərilib və daha sonra isə onu hədələyərək təhqir ediblər. N.Almanqızı tam əmin olmasa da, həmin şəxsin E.Nəzərov olduğunu ehtimal edir və əlavə etdi ki, məsələ ilə bağlı Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edəcək.