SERGEY STREKALİNİN İBTİDAİ İSTİNTAQI BAŞA ÇATIB

may 20th, 2008
Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanmasında Baş Prokurorluq tərəfindən təqsirləndirilən Sergey Strekalinə qarşı açılan cinayət işi üzrə ibtidai istintaq sona çatıb.

Bu barədə RATİ-yə Aqil Xəlilin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, zərərçəkmiş tərəf iş materialları ilə tanış olmalıdır və bu barədə onlara artıq yazılı məlumat daxil olub. Sadıqov həftə sonu iş materialları ilə tanış olacağını qeyd edib.
Vəkil əməkdaşımızla söhbət zamanı Strekalinə qarşı digər cinayətlər üzrə ittihamların irəli sürüldüyünü də qeyd edib: “İstintaqda açılan maddələr onu göstərir ki, Strekalinə qarşı Aqil Xəlillə bağlı olmayan başqa maddələr üzrə ittihamlar irəli sürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (həyat üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurma) ilə irəli sürülən ittiham Aqil Xəlillə bağlıdır. Strekalinin CM-nin 234.1-ci (narkotik vasitələri əldə etmə və ya saxlama) və 320.1-ci (rəsmi sənədləri, möhürləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilməsi istisna etmir ki, Strekalin Aqilin üzünə durmasaydı, ona qarşı ittihamların sayı daha da arta bilərdi”.