Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın 300 səhifəlik əlyazmasının götürülməsini qanuni hesab etdiyini deyir.
“Həmin əlyazmada nədən və kimdən yazıldığını deyə bilmərəm, əgər müəssisə rəhbəri əlyazmanı alıbsa, deməli, qanuni alıb, müəssisənin daxili nizam-intizam qaydalarına əsaslanaraq alıb”. Bunu “Media forum” xəbər saytına açıqlamasında M. Sadıqov bildirib.
Q. Zahidin vəkili Osman Kazımov isə əlyazmaların götürülməsini qeyri-qanuni hesab edir: “O halda əlyazma götürülə bilər ki, cinayət əlamətlərini özündə ehtiva etsin. Burada Qənimət Zahid nə yazıb, kimi təhqir edib? Götürülə bilməz, həmin əlyazma qaytarılmalıdır. Qanunla istintaq təcridxanalarında saxlanılan şəxslərə nələrin verilməsi göstərilir, eyni zamanda nələrin verilməsi qadağandırsa, o da qanunla müəyyən olunub. Q. Zahidin qələmi, kağızı qadağan olunmuş siyahıya aid deyil və aid olmadığı üçün müsadirə oluna bilməz”.
O. Kazımov “Media forum”a onu da bildirib ki, məhkumun, yaxud istintaq müddəti üçün həbsə alınan şəxsin ailəsinə, dostuna yazdığı məktub belə oxuna bilməz və bu məsələ də qanunla tənzimlənib.
Q. Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyevanın "Media forum"a bildirdiyinə görə, əlyazma 300 səhifədən ibarətdir və gündəlik deyil: “Qənimət müasir Azərbaycanın ictimai-siyasi həyatı haqqında kitab yazmışdı və həbsdən çıxandan sonra onu çap etdirmək fikrində idi. Bayılda saxlanılan müddətdə mən iki dəfə ona kağız ötürmüşdüm. Əgər kağız, qələm vermək daxili nizam-intizam qaydalarına zidd idisə, nə üçün verdiyim ağ kağızları içəri keçməyə icazə verirdilər?!”
A. Mürsəliyevanın sözlərinə görə, Q. Zahid hazırda Penitensiar Xidmətdə olan əlyazmasının geri qaytarılması ilə bağlı rəhbərliyə rəsmi müraciət edəcəyini bildirib: «Rəsmi müraciətdən sonra atılacaq növbəti addımlar müəyyənləşdiriləcək. Mən özüm Bayıl təcridxanasının rəisinin qəbulunda olmuşam. Misir Əliyevdən soruşdum ki, axı Qənimətə həmin əlyazmaların qaytarılacağına söz vermişdiniz? Qayıtdı ki, Qənimət mənə yaxındır, yoxsa bu hökumət? O etiraf etdi ki, Bayılda yazılan hər hansı bir kitaba görə başının ağrımasını istəmir, öz vəzifəsinə görə ehtiyatlanır”.