HOLLANDİYADAKI AZƏRBAYCAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

avqust 19th, 2009
Dünən (18 Avqust) Hollandiyada Azərbaycan Respublikasının səfirliyi qarşısında gənc fəallar –  “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin   həbsi ilə bağlı etiraz aksiyası keçirilib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Aksiya iştirakçıları səfirlik binası önündə şüarlar səsləndirərək, Azərbaycanda gənc fəallara qarşı olan basqıları pisləyib və azad mətbuata, azad fikrə qarşı təzyiqlərə etirazlarını bildiriblər. Aksiya iştirakçıları Adnan Hacızadənin, Emin Millinin, həmçinin həbsdə olan digər jurnalistlər Qənimət Zahidin, Eynulla Fətullayevin, Müşfiq Hüseynovun azadlığa buraxılmasını tələb ediblər.
Aksiyanın qətnaməsi səfirliyə təqdim edilib. Aksiyadan sonra Azərbaycandakı real ictimai-siyasi durumu əks etdirən bukletlər şəhər ictimaiyyətinə paylanıb.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.