GƏNC BLOQÇULARIN HƏBSİNƏ ETİRAZ OLARAQ AKSİYA KEÇİRİLİB

avqust 21st, 2009
Dünən (20 avqust) Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının (GHMH) fəalları “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli (Abdullayev) və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin həbsinə etiraz olaraq aksiya keçiriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) GHMH-nin koordinatoru Erkin Qədirli məlumat verib. “Gənclər əllərində yüzə yaxın şara bərkidilmiş “Adnan və Eminə azadlıq!” şüarı ilə İstiqlaliyyət küçəsi ilə yürüş edib. Polis onların əllərindəki şüarları alıb cırmaq istəyəndə, gənclər  Nizami heykəlinin yanında şarları havaya buraxıblar” – deyən E.Qədirli bildirdi ki, aksiya baş tutub.

E.Qədirli RATİ-yə onu da bildirdi ki, Almaniya Bundestaqının deputatı Yorq Tauss Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə Almaniyada və digər  Avropa ölkələrində gənclərin həbsi,  bununla əlaqədar yaranmış narahatlıq ifadə olunub və deputatın Bakıya səfəri zamanı bloqerlərlə görüşmək üçün prezidentdən müvafiq tapşırıq verməsi xahiş olunur.
“Turan” informasiya agentliyinin məlumatına görə, avqustun 28-də ABŞ-dakı  Azərbaycan səfirliyinin qarşısında Amerika-Azərbaycan təşkilatının təşkilatçılığı ilə gənc fəalların həbsinə etiraz aksiyası keçiriləcək.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.