İRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Bu gün (02 aprel) Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda yerləşən Urmiya gölünün quruma təhlükəsinin yaranması ilə bağlı İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Əllərində Urmiya gölünün təsviri və DAK-ın emblemi əks olunmuş plakatlar, həmçinin qablarda su tutmuş aksiya iştirakçılarına polislər səfirlik binasına yaxınlaşmağa icazə verməyib. Plakatlar polis tərəfindən müsadirə olunduqdan sonra, DAK-ın iki nümayəndəsinə bəyanatı səfirliyə təqdim etməyə icazə verildi. Lakin İran səfirliyinin özünü Xani kimi təqdim edən əməkdaşı bəyanatı DAK nümayəndəsinin əlindən alaraq əzdi və aksiya iştirakçılarını təhqir etdi. O, “bu insanlar İran-Azərbaycan münasibətlərinin pisləşməsinə çalışırlar” – deyərək, bəyanatı qəbul etməkdən imtina etdi. Bundan sonra polislər DAK nümayəndələrini səfirlik binasından uzaqlaşdırdılar.
DAK-ın nümayəndəsi Əjdər Tağızadə jurnalistlərə bildirdi ki, onların məqsədi məsələyə sivil etiraz bildirməkdir. “Bu gün İranda da çox sayda insan bu məsələyə etirazını bildirmək üçün qablarda su gətirərək gölə boşaldırlar. Bu səbəbdən biz də qablardakı suyu səfirliyin qarşısına qoymaq istəyirdik. DAK olaraq, İran hökumətinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməsini tələb edirik” – deyən Ə.Tağızadə aksiyanı baş tutmuş hesab etdiklərini vurğuladı.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

“HAKİMLƏRİN MÜSTƏQİLLİYİ – HÜQUQİ DÖVLƏTİN ƏSASIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.