BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Aprelin 20-də  Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və 2011-ci il aprelin 16-da vəfat etmiş  oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə  prosesi keçirilib. Bu barədə bu gün (21 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) mərhum jurnalistin ailə üzvlərinin vəkili Ramiz Məmmədov məlumat verib.

Vəkil Ramiz Məmmədovun sözlərinə görə, prosesdə ilk olaraq, məhkəmə tərəfindən prosesə dəvət edilən Tibb Universitetinin Ekspertiza Şöbəsinin  rəhbəri Zahid Məmmədov ifadə verib. O, ifadəsində mərhum jurnalistin barəsində verilən tibbi rəylərin düzgün olmasını bildirib.

İddiaçıların vəkili R. Məmmədov isə N.Məmmədovun beyin qansızması ilə bağlı verilən tibbi rəylərin əsassız hesab  və qanunsuz olduğunu, həmçinin mərhum jurnalistin müalicə müəssisəsinə daxil olarkən soyuqdəyməsi olsa da, bu faktın  heç bir tibbi vərəqədə  qeyd olunmadığını və onun müalicəsinə laqeyd münasibət göstərildiyini qeyd edib.

Daha sonra hakim İ. Dəmirov prosesi  29 aprel saat 10:30-a qədər təxirə salıb.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması  nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

Previous Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ APRELİN 28 -DƏ DAVAM EDƏCƏK

Next Post

LONDONDA VƏ PARİSDƏ EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYALAR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.