VERDİYİ MÜSAHİBƏDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ İCTİMAİ BİRLİK SƏDRİ MƏHKƏMƏYƏ VERİLİB

Bu gün (19 yanvar) Yasamal rayonu Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyevin “21-ci əsr Təhsil Mərkəzi” İctimai Birliyinin rəhbəri Etibar Əliyevə qarşı cinayət məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

İclasda ilk çıxış edən E. Əliyevin vəkili Fəxrəddin Mehdiyev hakimə və məhkəməyə etiraz etdirdiklərini bildirdi və bu barədə vəsatətini hakimə təqdim etdi. O bunu onunla əsaslandırdı ki, hazırkı təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin rektoru olduğu zaman hakim A. Rzayev onun köməkçisi vəzifəsində işləyib. İddiaçı tərəfin nümayəndəsi Cavad Cavadov buna öz etirazını bildirərək qeyd etdi ki, hakimə etiraz  yalnız konkret və mötəbər sübut olduqda edilə bilər. Hakim A. Rzayev isə 1997-cu ildə M. Mərdanovun köməkçisi işlədiyini və hal-hazırda da BDU-da işlədiyini təsdiq etdi: “Amma bu o demək deyil ki, mən təhsillə bağlı məhkəmə proseslərinə hakimlik edə bilmərəm”.
Bunlardan sonra hakim bu etirazı müzakirə etmək üçün müşavirəyə getdi. İş vaxtının bitdiyinə və yanvar ayının 20-nin qeyri iş günü olduğuna görə hakim qaldırılmış vəsatətlə bağlı qərarın 21 yanvar saat 11:00-da  elan ediləcəyini bildirdi.
Qeyd edək ki, iddiaya səbəb E. Əliyevin 24 sentyabr 2008-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibədə Gəncə Şəhər Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq hallarından söz açılıb.
Previous Post

ZÖHRAB İSMAYILOVUN MSK-YA QARŞI İDDİASI RƏDD EDİLDİ

Next Post

ZÖHRAB İSMAYILOVUN İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.