
“Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin çapını dayandırıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.
R. Hacıyev bildirib ki, bu gün qəzetin rəhbərliyi ”Azərbaycan” nəşriyyatının rəhbərliyi ilə görüşüb və qəzetin çapının davam etdirilməsi barədə razılıq əldə etmək mümkün olmayıb.
Rahim Hacıyev deyib ki, nəşriyyata borcun yaranması “Qasid” mətbuat yayımı firmasının satdığı qəzetlərin pulunu ödəməməsidir.
“Məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik. Hazırda “Azadlıq”dan 65 min manat tələb edilir. Biz isə bu məbləği vermək iqtidarında deyilik”, -deyə Hacıyev qeyd edib.
Qeyd edək ki, aktiv gənclər facebook sosial şəbəkəsində qəzetin düşdüyü ağır durumla bağlı yerli və beynəlxalq aləmdə dəstək aksiyası keçirirlər.