İttiham tərəfin şahidlərinin dindirilməsi sona çatıb

may 12th, 2014

anar

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi  şahid ifadələri ilə davam edib.

İlk olaraq prosesdə “seçki portalı” saytını hazırlamış Əlişan Mirzəyev ifadə verərək portalın onun tərəfindən hazırlandığını və bunun müqabilində xidmət haqqı aldığını bildirib.

Şahid qismində ifadə verən SMDT-nin keçmiş əməkdaşı Avtandil Məmmədov seçkilər dövründə təşkilatla əməkdaşlıq etdiyini və xidmət haqqı aldığını təsdiqləyib.

Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin dövlət vergi müfəttişi Rafail Ağayev Milli Demokratiya İnstitutu ilə SMDT arasında bağlanmış qrant müqaviləsinin Ədliyyə Nazirliyində qeydiyyata alınmamasını əsas gətirərək bunu qrant hesab etmədiklərini və buna görə də bu pulu ƏDV-yə cəlb etdiklərini bildirib.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nazarəti Xidmətinin baş məsləhətçisi Sabir Məmmədov isə təşkilatın hesabına daxil olmuş pul vəsaitləri və həmin vəsaitlərin çıxarılması ilə bağlı rəy yazdıqlarını, eyni zamanda istintaqa ifadə vermiş şəxslərdən izahat aldıqlarını bildirib.

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin həmtəsisçilərindən Hacı Ələsgərov təşkilatın ümumi ylığıncaqlarında iştirak etdiyini  və həmin sənədlərə özü imza atdığını məhkəmənin diqqətinə çatdırıb.

Şahid qismində ifadə verən SMDT-nin Gəncə bölgəsi üzrə koordinatoru Asəf Əhmədov da təşkilatla əməkdaşlığını təsdiqləyərək bütün layihələrdə iştirak etdiyini və maaş aldığını bildirib.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.