Avqustun 5-i mərhum yazıçı-publisist, ötən il qətlə yetirilmiş Rafiq Tağının doğum günü idi. Bu münasibətlə dostları, ailə üzvləri, həmkarları və jurnalistlər onun məzarını ziyarət ediblər. Yazıçı ilə bağlı xatirələrini bölüşən ziyarətçilər onun ruhuna dualar oxuyublar.
Daha sonra isə Rafiq Tağı ilə bağlı keçirilən tədbirdə rafiqtaqi.com saytının işə düşdüyü bildirilib. Saytda yazarın əsərləri, fotoları və video görüntüləri yerləşdiriləcək.
Xatırladaq ki, 61 yaşlı Rafiq Tağı axşam saatlarında işdən evə dönərkən naməlum şəxs ona 7 bıçaq zərbəsi yetirmişdi. Hadisədən 4 gün sonar yazar müalicə aldığı Respublika Klinik Xəstəxanasında vəfat etmişdi. Publisistin özü və həmkarları sui-qəsdin səbəbinin noyabrın 11-də dərc olunan və İran hakimiyyətini tənqid edən “İran və qloballaşma qaçılmazlığı” məqaləsi olduğunu ehtimal etsələr də, qatil və sifarişçilər hələ də tapılmayıb. Əlavə edək ki, 2007-ci ildə Rafiq Tağı “Sənət” qəzetində dərc olunmuş “Avropa və biz” məqaləsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.