AŞ PA-DA REFERENDUM MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

yanvar 30th, 2009
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr olub.

"Azadlıq" radiosunun bu məlumatına görə, Komitənin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel iclasda Azərbaycan parlamentinin, Konstitusiya Məhkəməsinin referendum qərarını necə qəbul etdiyi haqda məlumat verib. Eyni zamanda, bildirib ki, hökumətin referendum qərarı barədə Venesiya Komissiyası məlumatsız olub. Yanvarın 29-da keçirilən iclasda Monitorinq Komitəsi qərara gəlib ki, Venesiya Komissiyasına müraciət etsin ki, referendumla bağlı məsələdə ekspertiza aparsın.
"Biz istəyirik Venesiya Komissiyasının qəti qərarını, münasibətini alaq. Bu, adi referendum deyil. Həddən artıq çox sual qoyulub, adətən belə olmur. Bu isə seçicini çətin vəziyyətə qoyur. Biz Venesiya Komissiyasının "prezidentin səlahiyyət müddəti" və "vətəndaşın icazəsi olmadan şəklinin çəkilişinin qadağan olunması" MADDƏLƏRİ ilə bağlı məsələlərə münasibətini bilmək istəyirik. Bu, söz azadlığı ilə bağlı mübahisəli məsələdir " – deyə Andres Herkel əlavə edib.
Xatırladaq ki, 18 mart 2009-cu il tarixinə təyin olunmuş referendumda Konstitusiyanın 20-dən çox maddəsinə əlavə və dəyişiklik edilməsi nəzərdə tutulub.