Salyan fəalı polisdə təzyiqlərə məruz qaldığını bəyan edir

aprel 18th, 2014

Aprelin 14-də  Salyanda həbs olunmuş “Demokratiyaya Yardım” QHT-nin üzvü Tofiq Qasımov Bakı İstintaq Təcridxanasına göndərilib. Bu barədə bu gün (18 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) onun yaxın qohumu məlumat verib.

“Bu gün o bizə bildirdi ki, Salyan polisində ona təzyiqlər ediblər və bunun nəticəsində o işlədiyi təşkilatın rəhbəri Emil Məmmədova  böhtan atmalı olub. O eyni zamanda müstəqil vəkillə təmin olunmasını xahiş edib”, deyə yaxın qohumu bildirib.

“Aprelin 17-də səhər T.Qasımovla mənim aramda  üzləşmə olub. Üzləşmə zamanı rayondakı müəssisələrin rəhbərlərindən zorla pul aldığını bildirib və bunu mənim göstərişim ilə etdiyini bildirib. O, mənə böhtan atıb.  Hesab edirəm ki,  Tofiq Qasımovu aldadıblar. Belə ki,  mənə böhtan atarsa, onu azad edəcəklərini vəd ediblər. Onu da qeyd edim ki,  Tofiq Qasımov aprelin 15-də təşkilat tərəfindən təşkil edilən müstəqil vəkil Əlayif Həsənovun xidmətlərindən imtina edib və vəkilə ehtiyacının olmadığını bildirib”,-deyə  “Demokratiyaya Yardım” QHT-nin rəhbəri Emil Məmmədov qeyd edib.

Onu da qeyd edək ki, T.Qasımov dövlət vəkili ilə təmin edilib.

Xatırladaq ki, aprelin 4-də “Demokratiyaya yardım” İctimai Birliyinin sosial hüquqlar üzrə vəkil kimi çalışan əməkdaşı Tofiq Qasımov yolda tanımadığı şəxslər tərəfindən döyülsə də, polis onu aparıb və 10 sutka həbs cəzası vermişdi. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi üzrə cinayət işi açılıb. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.