SÖZ AZADLIĞININ DURUMU İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (09 sentyabr) “İnam” Plüralizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzin direktoru Vahid Qazi dəyirmi masanın Avro-inteqrasiya ilə bağlı müzakirələr çərçivəsində keçirildiyini qeyd etdi.
Tədbir zamanı Media Hüququ İnstitutunun (MHİ) nümayəndəsi Xalid Ağaliyev tərəfindən hazırlanmış məruzə təqdim edildi. Məruzədə söz və mətbuat azadlığı sahəsində Avropa standartlarının Azərbaycanda tətbiqi, bu sahədə əldə edilən nailiyyətlər və mövcud problemlərlə əlaqədar məsələlər əks olunmuşdu. İqtisadi senzuranın tətbiqi ilə çap mediasının zəifləməsi, KİV-lərə qarşı təzyiqlərin artması, telekanalların dövlətin nəzarətində olması, tənqidçi medianın külli miqdarda cərimələnməsi xüsusi olaraq vurğulandı.
Məruzədə 1998-ci ildə siyasi senzuranın ləğv edilməsi ilə bağlı fikrin əks olunmasına münasibət bildirən “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov əslində senzuranın 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə ləğv olunduğunu, amma 1998-ci ilə qədər senzuranın qeyri-qanuni olaraq tətbiq edildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, azad iqtisadiyyatı olmayan ölkədə azad mətbuat ola bilməz. Mirqədirov söz azadlığı sahəsində ciddi problemlərin mövcudluğunu qeyd edərək, bu problemlərin aradan qalxması üçün ümumilikdə siyasi sistemin dəyişməli olduğunu bildirdi.
Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Avropa qurumlarının diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı tələbləri ilə razılaşmadığını qeyd etdi. Abbas təhqirə yol vermiş jurnalistlərin cərimələrlə deyil, daha sərt cəzalandırılmasının tərəfdarı olduğunu söylədi.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı və Avropa Şurasının Azərbaycan ofisinin nümayəndəsi İlqar İbrahimoğlu həbsdə olan jurnalistlərin heç də təhqirə yol verdiklərinə görə deyil, konkret tənqidi yazılarına görə həbsdə olduqlarını vurğuladılar.
RATİ sədri Emin Hüseynov jurnalistlərin müdafiəsi ilə bağlı məsələyə toxunaraq bu işin getdikcə çətinləşdiyini dedi: “Dünən Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü idi və dünənki gün bir daha göstərdi ki, sıralarımız daralır. Bundan əlavə Milli Mətbuat Günü, Beynəlxalq Söz Azadlığı Günü kimi tarixlər var. Lakin həmin günlərdə də jurnalistlər bir yerə toplaşmır. Belə olduqda jurnalistlərin müdafiəsi çətinləşir”.

Tədbirlə bağlı fotolar:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,117/id,1247/lang,az/

Previous Post

EYNULLA FƏTULLAYEVƏ MÜXALİFƏT VƏ MÜSTƏQİL QƏZETLƏR VERİLMİR

Next Post

“CASPİAN PLAZA”A KONFRANS ZALININ FƏALİYYƏTİNİ DAYANDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.