“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (04 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Elmar Hüseynov ongünlüyü” tədbirlər planı çərçivəsində həbsdə olan jurnalistlərin ailələrinin iştirakı ilə Dəyirmi Masa keçirildi.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev giriş nitqində həbsdə olan jurnalistlərlə bağlı məlumat verdi. O, qeyd etdi ki, hakimiyyət hədəfə götürdüyü jurnalistləri müxtəlif bəhanələrlə həbs etdikdən sonra da, onlara qarşı təxribatların baş verməsi də istisna olunmur. O, bu sırada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həyatının təhlükədə olması ilə bağlı istintaq təcridxanasından etdiyi müraciəti misal göstərdi.

Eynulla Fətullayevin atası Emin Fətullayev bildirdi ki, sonuncu dəfə oğlu ilə 2009-cu ilin dekabr ayının 21-də görüşüb. “İstintaq təcridxanasında olduğu üçün Eynulladan yalnız vəkilləri və mətbuat vasitəsilə məlumat ala bilirəm. Eynullanın həyatının təhlükədə olması ilə bağlı müraciətindən sonra Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşdüm. O Eynullanın təhlükəsizliyi tam təmin olunduğunu bildirsə də, hesab edirəm ki, təhlükənin olması istisna deyil” – ” – deyə Emin Fətullayev qeyd etdi.

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva bildirdi ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan baş redaktorun saxlanma şəraiti ilə bağlı narahatçılığı olmasa da, səhhətindəki problemlər qalmaqdadır. “Qənimətin cəzasının üçdə ikisini çəkdikdən sonra azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edilsə də, absurd bir səbəblə təmin olunmadı. Guya Qənimət voleybol oyunlarında iştirak etmədiyinə görə, nizam-intizam qaydalarını pozduğunu dedilər. Halbuki Qənimətin üzünə dayanan qadın da artıq həbs olunub, ona iş kəsən hakim də işdən çıxarılıb” – deyən Ayəndə Mürsəliyeva vurğuladı ki, bütün bunlar Qənimətin günahsız olduğunu bir daha sübut edir.

Həbsdə olan blogger Adnan Hacızadənin atası Hikmət Hacızadə bildirdi ki, bloggerlərin saxlanma şəraitlərindən şikayətləri yoxdur. “Adnan Hacızadə və Emin Millinin həbsinə verdikləri reaksiyaya görə, media nümayəndələrinə, hüquq-müdafiə təşkilatlarına, beynəlxalq qurumlara təşəkkürümü bildirirəm. İnanıram ki, hər şey yaxşı olacaq – deyən H.Hacızadə əfv üçün müraciət etməyəcəklərini bildirdi: “Mən əfv ərizəsinə nə yazım? Yazım ki o]lum bir də idmançı döyməyəcək?”

Tədbirdə həmçinin RATİ sədri Emin Hüseynov, jurnalist İdrak Abbasov da mövzu ilə bağlı fikirlərini söylədilər.

Qeyd edək ki, Azərbaycanda hazırda 4 jurnalist həbsdədir. Onlar yerli və beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınırlar.

Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

 
 
Previous Post

TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLOV PROKURORLUQDA İZAHAT VERİB

Next Post

TOMAS HAMMERBERQ NAXÇIVANDA GÖRÜŞLƏR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.