MİRZƏ SAKİTİN VƏKİLİ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİN MƏHKƏMƏDƏ DİNDİRİLMƏSİ ÜÇÜN VƏSATƏT VERDİ

Bu gün (29 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitin (Zahidov) apellyasiya şikayətinə əsasən, hazırlıq iclası keçirildi. İclasda vəkil İsaxan Aşurov və prokuror Elgün Qafarov iştirak edirdilər.

İ.Aşurov hakimə vəsatət təqdim edərək, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovun məhkəmədə dindirilməsini təmin etməyi xahiş etdi. Belə ki, Sakit Zahidovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin birinci instansiya – Nərimanov rayon məhkəməsi tərəfindən rədd olunmasına əsaslardan biri kimi, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılarkən daxili rejim qaydalarını pozması göstərilib. Ərşad Həsənovun Mirzə Sakitə qarşı qərəzli olması və Mirzə Sakitin bir müddət əvvəl məhz bu səbəbdən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi mətbuatda dəfələrlə dərc olunub.
Hakim, növbəti prosesdə vəsatətə baxılacağını və  zərurət yaranarsa, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovun məhkəmədə dindirilməsini təmin edəcəyini bildirdi. Növbəti məhkəmə iclası 05 fevral 2008-ci il, saat 14.30-a təyin edildi.

Qeyd edək ki,  bu gün keçirilən ilkin baxış saat 10.00-a təyin olunsa da, prokurorun gecikməsi səbəbilə 11.30-da başladı.

Xatırladaq ki, Mirzə Sakit 2006-cı il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.

Previous Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Next Post

Reportor Informasiya Agentliyinin mətbuat komfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.