AZƏRBAYCANDA SÖZ AZADLIĞI SAHƏSİNDƏ GERİLƏMƏ MÜŞAHİDƏ OLUNUR

Oktyabrın 26-da Avropa Şurası Parlament Assambleyasının media üzrə alt komitəsinə bu təşkilata üzv bəzi ölkələrdə söz və mətbuat azadlıqlarının vəziyyətinə dair hesabat təqdim olunub.

Hesabata əsasən, Avropa Şurası dövlətlərində son 3 il ərzində mətbuat azadlığı sahəsində "əhəmiyyətli geriləmə" qeydə alınıb. Hesabatı müstəqil ekspert  Uilyam Horsli hazırlayıb. Tədqiqatçı və sabiq BBC müxbiri Horslinin hazırladığı hesabat, alt komitənin sədri Endryu Makintoşun mətbuat azadlığına dair AŞ PA üçün hazırladığı və bazar ertəsi Lüksemburqda təqdim edilmiş hesabatının bir hissəsidir.

     Hesabatın Azərbaycana aid olan hissəsində, ölkə hakimiyyəti əsas olmadan jurnalistləri həbs etməkdə, onlara həbsdə kobud davranmaqda ittiham edilir. Pozuntular sırasında “Tolishi Sədo” qəzetinin həbs cəzası çəkərkən vəfat etmiş redaktoru Novruzəli Məmmədovun, polis zorakılığına məruz qalan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun, qətlinin üstü açılmamış Elmar Hüseynovun, həbsdə olan jurnalist Eynulla Fətullayevin adları hallanır. Uilyam Horsli BBC-nin Azərbaycan xidmətinə müsahibədə media azadlığı üzrə hesabatın əhəmiyyətini belə şərh edib: "Bu hesabatda Avropa Şurasının parlament üzvlərinə son 3 ildə Avropa Şurası məkanında media azadlığı, jurnalistlərə təzyiqlər, onların həbs edilməsi və fəaliyyətlərinin məhdudlaşdırılmasına dair ümumiləşdirilmiş məlumat təqdim olunub. Ən əsas nəticə budur ki, həm Şərqi, həm də Qərbi Avropada jurnalistlərin vəziyyəti daha da kəskinləşib. Azərbaycan, Rusiya, Belarus, Moldova daxil bir neçə ölkədə isə media sahəsində vəziyyət pisləşərək xroniki hal alıb. Bu ölkələrdə mətbuat azadlığı təhlükə altındadır".

     Horsli deyib ki, Avropa Şurasını Azərbaycanda həbsdə olan jurnalistlərin sayının Avropanın hər hansı digər ölkəsi ilə müqayisədə ən yüksək səviyyədə olması narahat edir. ““Nota Bene” qəzetinin bu yaxınlarda 3 jurnalistinin mühakimə olunması və onlardan ikisinin diffamasiyaya görə həbs edilməsi, ondan əvvəl isə fanat.az saytının əməkdaşlarının da diffamasiya ittihamı ilə məhkum edilməsi bizi narahat edir” – deyə, o bildirib. Horsli əlavə edib ki, Avropa Şurası diffamasiyanın cinayət məcəlləsində istifadə edilməsi təcrübəsini rədd edir və bunu qəbuledilməz sayır. Bu barədə Avropa Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Azərbaycan hökumətinin  diqqətinə çatdırıblar.

     Hesabatı ingilis dilində tam oxumaq üçün http://assembly.coe.int/CommitteeDocs/2009/20091026_HorsleyReport.pdf linkibə müraciət edə bilərsiniz.

Previous Post

SİYASİ MƏHBUSLARLA BAĞLI TƏDBİR KEÇİLİB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.