HƏFTƏLİK QƏZETLƏR PREZİDENTİN SƏRƏNCAMINDAN NARAZI QALIBLAR

Bu gün (06 avqust) RATİ-nin mətbuat mərkəzində bir sıra həftəlik qəzetlərin baş redaktorları prezident İlham Əliyevin mətbuata maliyyə yardımı barədə sərəncamı ilə bağlı dəyirmi masa keçirib.

“Xural” qəzetinin baş redaktoru Ə. Zeynallı Mətbuat Şurasının hazırladığı siyahıda həftəlik qəzetlərin adınının olmamasından narazı olduğunu bildirdi: ”Son siyahıda hakimiyyətə yaxın və onun monopoliyasında olan qəzetlərə yardım ayrılıb. Mən buna etiraz edirəm. Mən bilmək istərdim ki, qəzetlərə ayrılmış 5000 AZN hansı kriteriyalar əsasında müəyyənləşib və  niyə yalnız 30 qəzetin adı bu siyahıda var”. Zeynallı siyahıya düzəliş edilməsi ilə bağlı prezidentə yenidən müraciət etməyi təklif  etdi.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da siyahının hansı kriteriyalar əsasında tərtib olunduğunu başa düşmədiyini qeyd etdi: ”Bizim məqsədimiz prezidentin mətbuata ayırmış olduğu yardımdan həftəlik qəzetlərin qıraqda qalmasının səbəblərini araşdırmaqdır. Bunun da yaxşı yolu monitorinqin aparılmasıdır. Biz siyahıya düzəlişin edilməsi və prezidentə təqdim olunmasını təklif edirik”.
Tədbirdə çıxış edən digər  həftəlik qəzetlərin (“Reytinq”, “Yeni çağ”, “Nota bene”, “Savaş”) redaktorları siyahıda həftəlik qəzetlərin adının olmamasından narahatlıqlarını ifadə etdilər və bunun aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürdülər.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev yardım  məsələsi ilə bağlı mətbuatda artıq bir neçə dəfə çıxış etdiyini dedi: ”Mən də bu kriteriyaları başa düşmürəm. Niyə 100, 150 yox, məhz 30 qəzet? 5000 AZN-i mətbuata yardım kimi qiymətləndirirlər, amma bu yardım deyil. Mətbuat günü ərəfəsində bu yardımı jurnalistlərə stimul olsun deyə premiya kimi vermək olardı”. Mətbuata Dövlət Yardım Konsepsiyasına da toxunan M.Əliyev bu sənəddə mətbuatın mövcud problemləri və bu problemlərin həlli yolları əks olunduğu üçün bunu ciddi  sənəd adlandırdı. Lakin onun icrası ilə bağlı problemlərin yarana biləcəyini istisna etmədi.
RATİ-nin sədri Emin Hüseynov həmin siyahıda bir neçə KİV-in fəaliyyət göstərməsi barədə hər hansı məlumatın olmadığını bildirdi. Onun sözlərinə görə, dövlət vəziyyəti düzəltmək istəyirsə, daha da konkret addımlar atmalıdır.
Previous Post

SEÇKİ TƏŞVİQATI İLƏ BAĞLI QANUN POZUNTULARINA YOL VERİLSƏ MTRŞ MÜVAFİQ TƏDBİRLƏR GÖRƏCƏK

Next Post

BAŞ REDAKTOR ƏSGƏRİN BARMAĞINI ƏZMƏKDƏ İTTİHAM EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.