Bəyanat: Hökumət dərhal jurnalist Tofiq Yaqublunu azad etməlidir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun barəsində Nəsimi rayon Məhkəməsinin 2 ay müddətinə həbs-qətimkan tədbirin seçilməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini qətiyyətlə pisləyir və bunu söz azadlığına növbəti təzyiq kimi qiymətləndirir.

Belə ki, fevralın 4-də ikinci dəfə Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılan Tofiq Yaqubluya  yanvarın 24-də İsmayıllıda sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmək ittihamı irəli sürülüb. Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunan T.Yaqublu barədə fevralın 4-də Nəsimi rayon məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb və həbs-qətimkan tədbirini dəyişdirməyib.

İttiham tərəfi Tofiq Yaqublunun indiki iqtidara müxalif olan Müsavat Partiyasının sədr müavini qismində İsmayıllıya getdiyini bildirir və orada iğtişaşların təşkil etməkdə şübhəli bilir.

T.Yaqublu aparıcı müxalifət partiyasının sədr müavini olsa da, onun özü, dəfələrlə mətbuata açıqlamasında İsmayıllıya “Yeni Müsavat” qəzetinin müxbiri kimi getdiyini və orada heç bir qanunsuz işlə məşğul olmadığını bildirib.

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu da, Tofiq Yaqublunun redaksiya tərəfindən İsmayıllıya köşə yazarı kimi yazı hazırlamaq üçün ezam olunduğunu bildirib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı  bildirib ki, Tofiq Yaqublu İsmayıllıda partiya funksioneri qismində yox, məhz  jurnalist olaraq, orada baş verənləri görüb məqaləsində əks etdirmək üçün olmuşdur.

Bu baxımdan, RATİ Yaqubluya qarşı irəli sürülən ağır ittihamları absurd hesab edir və  onun həbsinin səbəbini regionlarda son vaxtlar çoxalan etiraz aksiyalarından reportajlar hazırlayan və Azərbaycanda çevrəsi günü-gündən azalan azad mətbuatın  təmsilçilərini qorxutmaq məqsədini daşıdığını bəyan edir.

Yaqublunu həbsi ilə Azərbaycanda həbs olunan jurnalistlərin sayı 9 nəfərə çatır, bu isə Avropa Şurası olan üzv olan ölkə üçün utanc gətirən göstəricidir

RATİ Azərbaycan hakimiyyətindən Tofiq Yagublunu və  siyasi sifarişlərlə həbsə atılan digər jurnalistləri və dərhal azadlığa buraxmağı tələb edir.

RATİ həmçinin Azərbaycanın üzv olduğu və qarşılarında insan haqların təmin olunması öhdəliyini götürdüyü beynəlxalq təşkilatlardan, xüsusən də Avropa Şurasından bu il prezident seçkilərinin keçiriləcəyi bir zamanda Azərbaycanda insan haqlarını durumunun kəskin pisləməsinə dair qınaq bəyanatlarını səsləndirməyə,  bunlar effekt vermədiyi təqdirdə isə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Qeyd: Yanvarın 23-də gecə saatalrında İsmailli rayonunda yerli məmurların qohumlarının özbaşınalıqları və rayon camaatını təhqir etmələrinə   etiraz olaraq, mindən artıq rayon sakini etiraz aksiyalarına başlayıb. Etirazçılar   rayon icra hakimiyyəti  başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus “Çiraq” otelini,  eləcə də bir neçə nəqliyyat vasitəsini yandırıblar. Vüqar Ələkbərov eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğludur. Polis və Daxili Qoşunların vasitəsi  ilə etirazların qarşısını 25 yanvarda almaq mümkün olub. Yanvarın 24-də  İsmayıllıda baş verənlərlə yaxından tanış olmaq üçün bir necə saatlıq ora gedən Respublikaçı Alternativ hərəkatının sədri İlqar Məmmədov da jurnalist Tofiq Yaqubluya verilmiş oxşar ittiham əsasında 2 aylıq həbs qətimkan tədbiri aldı. İlqar Məmmədov eyni zamanda Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin rəhbəridir.

Etirazın səbəblərini obyektiv araşdırmaq və əsl günahkarları cəzalandırmaq əvəzinə, hüquq-mühafizə orqanları təşkilatçılığı müxalifət düşərgəsinin üstünə atdı.

Previous Post

Tofiq Yaqublu və İlqar Məmmədov həbsdə qaldı

Next Post

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.