BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məhkəmə tərəfindən bu gün "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov barəsində çıxarılan ədalətsiz qərara görə Azərbaycan hakimiyyətini qınayır.

Belə ki, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi əsasında hakim Camal Ramazanov Müşfiq Hüseynovu 6 il müddətinə azadlıqdan məhrum etmiş, eyni zamanda onun iki il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi haqqında qərar çıxarmışdır. RATİ hesab edir ki, hakim siyasi sifariş əsasında jurnalist barəsində ədalətsiz hökm çıxarıb. Bundan əlavə, RATİ tərəfindən monitorinqi aparılan məhkəmə proseslərinin gedişi zamanı müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb. Həmçinin məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən çoxsaylı prosessual pozuntuların və saxtakarlıqların törədildiyi məlum olmuşdur ki, bu da tam şəkildə Hüseynova qarşı irəli sürülmüş itihamların qurama olduğunu sübut edir. RATİ hesab edir ki, Hüseynov siyasi provakasiyanın qurbanıdır, bu provakasiya isə hakimiyyət tərəfindən yerli və beynəlxalq ictimaiyyət qarşısında Azərbaycan jurnalistlərinin gözdən salınması məqsədi ilə həyata keçirilmişdir. Belə ki, Milli Mətbuat Gününə bir ay qalmış yüksəkçinli dövlət məmurları əminliklə bildirirdilər ki, prezident jurnalistlərin bayramı ərəfəsində həbsdəki bütün jurnalistləri azad edə bilər. Lakin 22 iyul 2007-ci il tarixdə Milli Mətbuat Günü bu baş vermədi. Bundan sonra Prezident aparatından bildirdilər ki, prezident məzuniyyətdədir və o qayıtdıqdan sonra yəqin ki, jurnalistlərin əfvi haqqında fərman imzalayacaq. Lakin bunun əvəzinə 24 iyul 2007-ci il tarixdə, yəni Milli Mətbuat Günündən iki gün sonra hakimiyyət Hüseynovun həbsini təşkil edir. Onun həbsinin ertəsi günü İlham Əliyev məzuniyyətdən qayıdır və heç bir fərman imzalamır. Jurnalistin həbsindən bir neçə gün sonra hakimiyyət Müşfiq Hüseynovun təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozaraq, onu cinayətkar elan edir və bütün telekanallarda müxalifət və müstəqil mətbuata qarşı geniş miqyaslı "qara piar" kampaniyasına başlayır. Hüseynovun işinin müşahidəsi əsasında RATİ hesab edir ki, jurnalistin əməlində cinayət tərkibi yoxdur və ona qarşı 311-ci maddə əsasında ittihamın irəli sürülməsi əsasızdır, cünki ki, o vəzifəli şəxs deyil. Azərbaycan məmurlarının səlahiyyətlərindən şəxsi maraq mənbəsi kimi istifadə etdiyi, onların tamamilə korrupsiya mexanizminə cəlb olunduğu bir dövrdə jurnalisti 3500 ABŞ dolları məbləğində rüşvət almaqda ittiham etmək absurddur. Korrupsiyaya bulaşmış məmurların sayəsində Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkələrin ilk onluğuna daxildir, iqtisadi azadlıqların səviyyəsinə görə 156-cı yerdədir. RATİ Azərbaycan hökümətinə xatırlatmaq istəyir ki, bir ay bundan əvvəl Azərbaycan həbs edilmiş jurnalistlərin sayına görə Çin, Kuba, Eritreya və İrandan sonra dünyada beşinci yeri tuturdu. Lakin Yeni İl ərəfəsində yerli və beynəlxalq ictimaiyyətin gözünə pərdə asmaq üçün 5 jurnalisti azadlığa buraxmaqla Azərbaycan höküməti bir daha sübut etdi ki, söz azadlığını təmin etmək fikrində deyil. RATİ hesab edir ki, məhkəmənin bu günkü absurd qərarı sübut edir ki, hakimiyyət Azərbaycanda söz azadlığına qarşı repressiyaların davam edəcəyini göstərir. RATİ eyni zamanda hesab edir ki, bu cür tendensiya ilə yaxın zamanlarda absurd ittihamlarla işləri məhkəmə araşdırması mərhələsində olan digər jurnalistlər də həbs cəzasına məruz qala bilərlər. RATİ Azərbaycan hakimiyyətini jurnalistlərin təqibinə son qoymağı və dərhal Müşfiq Hüseynovu, Eynulla Fətullayevi, Sakit və Qənimət Zahidovu azad etməyə çağırır. RATİ həmçinin beynəlxalq ictimaiyyətə müraciət edir ki, o hakimiyyətə təzyiq göstərsin və hakimiyyətdən Azərbaycanın söz azadlığı və insan haqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsini tələb etsin.

Previous Post

VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

“QANUN” NƏŞRLƏR EVİNİN MALİYYƏ SƏNƏDLƏRİ MÜSADİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.