TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN XARİC OLUNMASI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

fevral 8th, 2010
Bu gün (8 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlov hazırladığı tənqidi məqaləyə görə təhsil aldığı  Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilməsi ilə bağlı mətbuat konfransı keçirdi.

E.Bədəlov çıxışında  bildirdi ki, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təhsil aldığı “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov  tərəfindən hədəyə məruz qalıb: “O, məqaləni sifarişlə yazdığımı dedi və məni  hədələməyə başladı. Bundan sonra mənə qarşı qərəz başladı və məni qəsdən bütün  imtahanlardan kəsməyə başladılar” – deyən E. Bədəlov  bildirdi ki, o imtahanları istənilən tərkibdən ibarət komissiya ilə verməyə hazırdır. O, əlavə etdi ki, hələlik xaric olunması ilə bağlı əmri almaq mümkün olmayıb və əmri aldıqdan sonra məhkəməyə müraciət edəcək.
“Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı jurnalist-tələbənin Elmin Bədəlovun Hüquqlarının Müdafiə Komitəsinin yaradıldığını və bu komitənin tələbə-jurnalistin təhsil aldığı ADNA-ya bərpa olunanadək fəaliyyət göstərəcəyini dedi.
“Tələbələrin Beynəlxalq Əməkdaşlığı Birliyi”nin (TBƏİB) sədri Elnur Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı Elmin Bədəlovla birgə RATİ də TBƏİB-ə müraciət edib.  O, əlavə etdi ki, aparılan araşdırmalar zamanı E.Bədəlovun ADNA-dan qanunsuz xaric olunması ortaya çıxıb.
“Poliqon” informasiya agentliyinin rəhbəri Şahin Ağabəyli tələbə-jurnalistin heç bir siyasi kimliyinin olmadığını qeyd edərək, onun faktlara söykənən bir yazının qurbanına çevrildiyini, məhz  buna görə tələbənin ali məktəbdən xaric olunmasının ona qarşı qərəzli mövqenin olması kimi qiymətləndirdi.
Qeyd edək ki, RATİ-nin məsələ ilə bağlı ADNA rektoruna ünvanladığı sorğuya bu gün cavab verilib və Elmin Bədəlovun ADNA-dan xaric olunması ilə bağlı əmrin surəti RATİ-yə təqdim olunub. RATİ bu gün həmçinin Elmin Bədəlovun imtahanlarının xüsusi komissiyanın iştirakı ilə yenidən keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə və ADNA-ya müraciət edib.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,419/lang,az/