Dünən (19 yanvar) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində oğlu "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə görüşüb.
Bu barədə RATİ-yə jurnalistin atası Emin Fətullayevin özü məlumat verdi: "Qərb ölkələrində Eynulla Fətullayevin müdafiə kompaniyası davam edir. Onun qanunsuz həbsinə həsr olunmuş bülitenlər, kitabçalar dərc olunub və internetlə xüsusi proqramlar yayılır. Bu məlumatları oxuyub hiddətlənmiş insanlar Eynulla Fətullayevə məktub və açıqcalar göndərir. Ötən həftə Eynulla Fətullayevin saxlandığı cəzaçəkmə müəssisəsinə daha 800-dən artıq məktub və açıqca daxil olub. Məktublar İngiltərədən, Kanadadan, Gürcüstandan, Şotlandiyadan, Uelsdən, Şimali İrlandiyadan, İsveçrədən, İspaniyadan, İsveçdən, İtaliyadan, Cənubi Afrika Respublikasından, İrlandiyadan, ABŞ-dan, Hollandiyadan, Almaniyadan, Meksikadan və digər ölkələrdən göndərilib. Maraqlıdır ki, məktubların əhatə dairəsi İngiltərənin 70-ə yaxın şəhərini, Kanadanın 15 şəhərini özündə birləşdirir. İngiltərə, Şotlandiya və Hollandiyanın 10 ali məktəbindən Eynulla Fətullayevə dəstək haqda müraciətlər də daxil olub”.
Emin Fətullayevin sözlərinə görə, məktub və açıqcalarda Azərbaycanda söz azadlığına qarşı təşkil olunmuş hücumlar, jurnalistlərin həbsi pislənilir. Beynəlxalq ictimaiyyətin, azad və demokratik ölkələrin müstəqil və fədakar jurnalistlərlə həmrəy olduqları bildirilir. Emin Fətullayevin sözlərinə görə Eynulla Fətullayevə dəstək məqsədilə “Amnesty İnternational” təşkilatının təşəbbüsü ilə Böyük Britaniyada vicdan məhbuslarına həsr olunmuş “Şamlar hələ də yanır” aksiyası keçirilib. Onun sözlərinə görə, oxşar aksiya “Amnesty İnternational” təşkilatının fəalları tərəfindən bir çox şəhərlərdə də təşkil olunub.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası verilib.