İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında sədr Kəmaləddin Bədəlovun rəhbərliyi ilə “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar baxılmsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Hilal Məmmədovun vəkili Xalid Bağırov Ali Məhkəmənin bugünkü qərarını müdafiə tərəfinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin gecikdirilməsi kimi dəyərləndirib.
Qeyd edək ki, Hilal Məmmədovun təqsirsizlik prezumpsiyasının pozulmasına dair şikayətləri birinci instansiya məhkəməsi və Baki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilb. Hilal Məmmədov 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.