ALİ MƏHKƏMƏ DƏ XURAL QƏZETİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

fevral 18th, 2011
Fevralın 18-də Ali Məhkəmədə hakim Aslan Kəlbəliyevin sədrliyi ilə  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiası üzrə  Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2010-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılıb.

Prosesdə “Xural” qəzetinin vəkili Elçin Sadıqov iştirak etsə də, qəzetin baş redaktoru Əvəz Zeynallı və cavabdeh tərəfin nümayəndələri iştirak etmirdilər.

Proses başlayan kimi hakim Aslan Kəlbəliyev Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamənin qüvvədə saxlanılması  barədə qərarını elan etdi.

Xatırladaq ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.