MÜSAVAT PARTİYASININ KEÇİRDİYİ PİKETDƏ “YENİ MÜSAVAT” QƏZETİNİN İKİ ƏMƏKDAŞI SAXLANILDI

Bu gün (17 iyun) Müsavat Partiyasının bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış etiraz aksiyasını keçirməyə cəhd göstərdilər.  RATİ-nin məlumatına görə, aksiya saat 12.00-a planlaşdırılsa da, artıq saat 11.30 radələrindən  metronun “İçəri şəhər” stansiyası, habelə BŞİH binası ətrafı polis nəzarətinə götürülmüşdü.

Təxminən saat 12.05 dəqiqədə bir qrup müsavatçı, metrodan çıxaraq BŞİH binasına tərəf irəliləməyə başladılar.  Dərhal müsavatçıların qoluna girən mülki geyimli polis əməkdaşları sakitliklə onları 177 saylı marşrut üzrə hərəkət edəm “Mersedes” markalı avtobusa mindirdilər. Onlar  sırasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı da var idi.
 Təxminən 10 dəqiqədən sonra isə, metro stansiyasından İcra hakimiyyətinin binasına kimi “Azadlıq!”, “Azad seçki!” və “İstefa!” şüarları səsləndirən bir qrup müsavatçı polis tərəfindən qarşılandı. Artıq bu dəfə polis 7 nəfəri döyə-döyə avtobusa mindirdi. Bu dəfə saxlanılanlar arasında “Yeni Müsavat” qəzetinin digər əməkdaşı  Mustafa Hacıbəyli də var idi. Bundan sonra da bir-neçə xırda insident baş verdi və daha 4 nəfər müsavatçı saxlanıldı.
Aksiya iştirakçıları piketin qətnaməsini elan edə bilməsələr də, qətnaməni paylamağa müvəffəq oldular. Qətnamədə aksiya iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanununa əməl olunmasını, Müsavat Partiyasının yürüş- mitinq keçirmək haqqında müraciətinə qanuna uyğun şəkildə cavab verilməsini və kütləvi tədbirlərin keçirilməsinə şərait yaradılmasını, habelə vətəndaşların sərbəst toplaşma hüququnun təmin edilməsini tələb edilirdi.
Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovun RATİ-yə verdiyi məlumata görə, polis ictimai asayişi pozmağa cəhd edən 12 nəfəri saxlayıb.
“Yeni Müsavat”  qəzetinin baş redaktoru Rauf Arifoğlunun RATİ-yə verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Ehsan Zahidova telefon əlaqəsi saxlayandan sonra Əfqan Muxtarlı azad edilib, amma Mustafa Hacıbəylinin taleyi barədə məlumatı yoxdur.
Müsavat Partiyası sədrinin müavini Mehman Cavadoğlunun isə RATİ-yə verdiyi məlumata görə, polis ümumilikdə 16 nəfəri saxlayaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıb. Onun sözlərinə görə, saat 15.00 radələrində saxlanılmış bütün aksiya iştirakçıları, o cümlədən  Mustafa Hacıbəyli də azadlığa buraxılıb.
Belə ki, aksiya ATƏT-in Bakı ofisinin siyasi-hərbi proqram rəhbəri Con MakQreqor, onunu müavini Elgün Tağıyev və Culiyan Marken tərəfindən müşahidə  olunurdu.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN MÜALİCƏSİ BAŞA ÇATIR

Next Post

EMİN HÜSEYNOV REANİMASİYADAN PALATAYA KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.