ÇANAQ ANTENALARININ SÖKÜLMƏSİ İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQUNUN POZULMASIDIR

Bakının mərkəzi küçələrindəki binalardan çanaq antenalarının yığışdırılmasına başlanılıb. Bu işin icraçısı isə dövlət qurumlarının – konkret olaraq Səbail və Nəsimi rayon Mənzil İstismar Sahəsinin (MİS) işçiləridir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları Səbail rayonu ərazisində bir neçə belə halın şahidi olublar. Hətta bu gün (22 oktyabr) Bülbül prospektində Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın da üzərindən çanaq antenalarının yığışdırılması müşahidə olunub. MİS əməkdaşları mətbuata açıqlamalarında bildirirlər ki, bu, binaların təmiri ilə əlaqədardır. Digər bir açıqlamada isə bildirilir ki, çanaq antenalarının binanın üzərində yox, damında qoyulmasına icazə verilir.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı məsələ ilə əlaqədar RATİ-yə bildirib ki, bu proses qanuna ziddir. “Çanaq antenalarının yığışdırılması insanların qanuni yolla informasiya əldə etmək hüququ ilə yanaşı onların mülkiyyət hüququnu da pozur. Çünki vətəndaşların informasiya əldə etmə vasitəsi olan bu antenaların binanın fasadına vurulmasını qadağan edən qanun yoxdur. Əgər hətta şəhərin dizaynı baxımından əsaslandırılsa ki, bu qanunidir və antenalar fasadda yox, binanın damında olmalıdır, bu yerdəyişmə üçün vətəndaşlara kompensasiya ödənməlidir. Həmçinin bu barədə vətəndaşlara xəbərdarlıq edilməlidir” – deyən R.Hacılı vurğuladı ki, hazırda bu proses qanuna zidd aparılır və çanaq antenaları sökülən vətəndaşlar normal informasiya əldə etmək imkanından məhrum olurlar.
Məsələ ilə Bakı Şəhər İcra hakimiyyətindən mövqe öyrənmək mümkün olmasa da, RATİ bu quruma informasiya sorğusu ilə müraciət edib.

Previous Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ ÇİNGİZ ƏSGƏROVU MƏHKƏMƏYƏ VERDİ

Next Post

JURNALİSTLƏRİN HƏMKARLAR İTTİFAQI TƏDBİR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.