ƏLİ İNSANOVUN MÜƏLLİFİ OLDUĞU “VƏRƏM” DƏRSLİYİ AZƏRBAYCANA BURAXILMIR

iyun 11th, 2008

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun müəllifli olduğu  və  bir il bundan əvvəl Moskvada çap olunmuş ali məktəb tələbələri üçün nəzərdə tutulan «Vərəm» adlı dərsliyin gömrükdən buraxılması ilə əlaqədar ailə üzvlərinin qaldırdığı iddia təmin olunmayıb.

Bunu «Azadlıq» radiosuna vəkil Toğrul Babayev deyib.
Vəkilin sözlərinə görə, Əzizbəyov Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçən prosesdə heç bir əsas gətirilmədən iddia rədd edilib.
Məlumata görə, sabiq nazirin dərsliyi Moskvada çap olunub və tiraj 1000 nüsxədən çoxdur. Azərbaycanın gömrük orqanları həmin dərsliyi sərhəddən buraxmırlar.  
Toğrul Babayev onu da bildirib ki, iyunun 12-də Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Televiziyasına (AzTV) qarşı şərəf və ləyaqətin alçaldılması iddiası ilə bağlı ərizəsinə baxılacaq. Sabiq nazir AzTV-də nümayiş olunan filmdə onun evindən qızıl külçələr və digər qiymətli əşyaların tapılması barədə süjetdə ona böhtan atıldığını, həmçinin həmin zinət əşyalarının ona məxsus olmadığını bildirir.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov ötən il müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.