“TƏZADLAR” QƏZETİ “QARA SİYAHI”YA SALINDI

oktyabr 28th, 2009
Asif Mərzili baş redaktoru olduğu “Təzadlar” qəzetinin Mətbuat Şurası tərəfindən “reket” elan olunması ilə bağlı məhkəməyə müraciət edəcək.

 Belə ki, Mətbuat Şurasının İdarə Heyəti oktyabrın 22-də keçirilən iclasında “Təzadlar” qəzetinin adını qara siyahıya salıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin baş redaktoru Asif Mərzili məlumat verib. O bildirib ki, hələ sentyabrın 16-da Şikayətlər Komissiyasının iclasında “Təzadlar” qəzetinin “qara siyahı”ya salınması ilə bağlı rəy verilmişdi: “Bu rəy İdarə Heyəti tərəfindən təsdiq olunmamış mətbuata məlumat verilməsi qəzetin nüfuzuna xələl gətirib, nəşrində problemlər yaranıb və artıq bir neçə şirkət bizimlə olan reklam müqavilələrini dayandırıblar. Dövlət orqanları onlara göndərdiyimiz informasiya sorğularına cavab verməkdən imtina edirlər”

      A. Mərzili həmçinin qeyd etdi ki, dünən (27 oktyabr) Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayaraq problemin danışıqlar yolu ilə həll etməyə çağırıb. O bildirib ki, danışıqlar nəticə verməsə, məhkəməyə müraciət edəcək.