ƏVƏZ ZEYNALLININ DÖVLƏT İTTİHAMÇISINA ETİRAZI QƏBUL EDİLMƏDİ

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Əvəz Zeynallı dövlət ittihamçısı Ramazan Hadıyevin bir neçə prosesdir ki məhkəmənin gedişinə mane olduğunu, qeyri-obyektiv olduğunu və onu qəsdən əsəbləşdirdiyini bildirərək, prokurora etiraz etdiyini deyib.Prokuror isə Əvəz Zeynallının etirazını əsassız hesab etdiyini deyib və həmin etirazın təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib. Hakim etirazı təmin etməyib.
Daha sonra ötən proseslərdə verilmiş və müzakirəsi yarımçıq qalmış vəsatətlərə baxılıb. Əvəz Zeynallının istintaqı aparmış müstəntiq Qabil Qasımovun, Nərimanov rayon məhkəməsinin sabiq sədri olmuş, bir neçə gün öncə vəzifəsindən kənarlaşdırılmış hakim Ağababa Babayevin, Gülər Əhmədovanın istintaqa təqdim etdiyi gizli səs yazısının ekspertizasını həyata keçirmiş ekspertlərin, “Kanal 13” internet televiziyasının aparıcısı Aynur İmranovanın , Nərimanov rayon polis idarəsinin müstəntiqi Mübariz Süleymanovun, PA-nın rəhbəri Ramiz Mehdiyevin, PA-nın şöbə müdiri Əli Həsənovun məhkəməyə şahid kimi dəvət edilməsi, yalan ifadə verdiyinə görə şahid Mürvət Həsənovun barəsində cinayət işinin açılması, bütün şahidlərin ifadələrinin eyni şriftlə və eyni kompüterdə yazılmasının aşkar edilməsi ilə bağlı ekspertizanın keçirilməsi, gizli səs yazısının başqa bir ölkədə yenidən ekspertiza keçirilməsi, əsas şikayətçi Gülər Əhmədova mətbuatda Əvəz Zeynallını həbs etdirmədiyini bəyan etdiyinə görə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlərin hamısına prokuror etiraz edib. Hakimlər kollegiyası iki vəsatətin – “Kanal 13” internet televiziyasının aparıcısı Aynur İmranovanın və Gülər Əhmədovanın istintaqa təqdim etdiyi gizli səs yazısının ekspertizasını həyata keçirmiş ekspertlərin şahid kimi dindirilməsi barədə vəsatətlərini təmin edib. Əvəz Zeynallının saxlanılan zaman üzərində olmuş mobil telefonların qaytarılması ilə bağlı vəsatətinə əsasən isə hakim bildirdi ki, istintaqdan daxil olmuş məktubda saxlanılan zaman Əvəz Zeynallının üzərində telefon olmayıb. Əvəz Zeynallı isə bildirib ki, o, saxlandıqdan sonra “Kanal 13” internet televiziyasının aparıcısı Aynur İmranova ilə telefon əlaqəsi saxlayıb və onu şahid kimi dəvət edilməsini də bu səbəbdən istəyir. Vəkil Elçin Sadıqov Əvəz Zeynallı barəsində qəbul edilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını deyib və prosesi 30 yanvar saat 14:00-a təxirə salıb.
Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

BÖLGƏ MÜXBİRİ İZLƏNDİYİNİ BİLDİRİR

Next Post

AŞPA AZƏRBAYCAN HÖKUMƏTİNİ SƏYLƏRİ ARTIRMAĞA ÇAĞIRMAQLA YANAŞI MONİTORİNQİ DƏ DAVAM ETDİRMƏYİ PLANLAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.