Fevralın 4-də Yasamal rayon Məhkəməsinin hakimi Fuad Talışınskinin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə proses davam edib.
Qeyd edək ki, “Türk Hava Yolları” iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub.
Belə ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz “Türk Hava Yolları” şirkətinin təqsirindən itdiyini vurğulamışdı.
Prosesdə “Türk Hava Yolları” şirkətini müdafiə edən vəkil Muxtar Mustafayev iddia ərizəsinə etiraz təqdim etdi. İddiaçının nümayəndəsi Yaşar Ağazadə etiraz və ona əlavə edilmiş sənədlərlə tanış olmaq üçün hakimdən vaxt istədi. Hakim isə müraciəti nəzərə alaraq sənədlərlə tanış olmaq üçün vaxt verdi və növbəti prosesi 8 fevral saat 10.30-a təyin etdi.
Xatırladaq ki, Cəfərov Beynəlxalq Ədalət Körpüsü təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itirilib.