İNGİLTƏRƏNİN TÜRK İCMASI PREZİDENT ABDULLA GÜLƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MÜRACİƏT ÜNVANLAYIB

yanvar 5th, 2009
İngiltərənin türk icması Türkiyənin prezidenti Abdulla Gülə Azərbaycanda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı müraciət ünvanlayıb.

Bu barədə RATİ-yə baş redaktorun atası Emin Fətullayev məlumat verib.
”Eynulla Fətullayevə bayram ərəfəsində İngiltərənin 39, Kanadanın 6 şəhərindən həmçinin  Şimali İrlandiya, Şotlandiya, Malayziya, Uels, İsveç, Kosta-Rika, Belçika, İtaliyadan açıqcalar gəlib. Məktub müəllifləri arasında hüquqşünaslar, professorlar, jurnalistlər də var. İngiltərənin türk icması isə Eynulla Fətullayevin azadlığa buraxılması üçün Türkiyə prezidentinə müraciət edib. Türk icması prezident Abdulla Güldən Türkiyə dövlətinin nüfuzundan istifadə edərək həbsdə olan jurnalistin azadlığa çıxmasına səy göstərməsini xahiş edir”, – deyə qeyd edən Emin  Fətullayev onu da bildirdi ki, İtaliyalı tələbələr də Eynulla Fətullayevin azad olunması üçün imza toplama kompaniyası keçirirlər, artıq  1000 nəfərə qədər tələbə İlham Əliyevə müraciət edib.