İKİ JURNALİST – SƏRDAR ƏLİBƏYLİ VƏ FƏRƏMƏZ NOVRUZOĞLU HƏBS OLUNDU

Bu gün (8 oktyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə  “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

  Sərdar Əlibəylinin vəkili Elçin Sadıqov iddiaya səbəb olmuş məqalələrdə  təhqir əlamətləri olmadığını bildirərək, adıçəkilən yazıların filoloji ekspertizaya təqdim olunması ilə bağlı vəsatət qaldırdı. Lakin hakim vəsatətin təmin edilməməsi ilə bağlı qərar qəbul etdi. Bundan sonra Təhmasib Novruzov çıxışında Nizami rayon məhkəməsinin çıxardığı qərarın çox yüngül olduğunu bildirərək daha ağır  cəza təyin edilməsini istədi.
  Son çıxışında Sərdar Əlibəyli bütün baş verənlərin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə  həyata keçirildiyini bildirdi: “Möhtərəm hakim, mən sizi daha obyektiv hakim kimi tanıyıram, amma onu da bilirəm ki, bu gün haqq-ədalətin bərpa olunması sizin iradənizdən asılı olmayacaq”.
  Fərəməz Novruzoğlu və Ramiz Tağıyev isə Təhmasib Novruzova qarşı heç bir təhqiredici məqalə yazmadıqlarını, yazılanların isə həqiqət olduğunu bildirərək bəraət istədilər.
   Hakim Nizami rayon məhkəməsinin çıxardığı qərarın qüvvədə  saxlanılması ilə bağlı qərar verdi. Beləliklə  də Sərdar Əlibəyli və Fərəməz Allahverdiyev 3 ay müddətində  azadlıqdan məhrumetmə cəzasına, Ramiz Tağıyev isə  6 ay müddətinə islah işləri cəzasına məhkum edildi və məhkəmə zalında qolları qandallanaraq aparıldılar.

  Xatırladaq ki, “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrlə bağlı  Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində Təhmasib Novruzovun qaldırdığı iddiaya əsasən 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009-cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi.  İyunda iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, Nizami rayon məhkəməsi 22 iyul tarixində –  Azərbaycan Milli Mətbuat Günündə – “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevin 3 ay azadlıqdan məhrumetmə, Ramiz Tağıyevi isə 6 ay islah işləri cəzasına məhkum etmişdi. Hökmün icrası isə Apellyasiya məhkəməsini qərarınadək təxirə salınmışdı.

Previous Post

JURNALİST İŞİNDƏN ƏQİDƏSİNƏ, QƏZET RƏHBƏRİ İSƏ JURNALİSTİN KOBUD DAVRANIŞA GÖRƏ ÇIXARILDIĞINI BİLD

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.