Hökumət diffamasiya haqqında qanun layihəsini təhrif etməklə media islahatının qarşısını almağa çalışır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) Azərbaycan hökumətinin tənqidi səsləri susdurmaq üçün istifadə etdiyi diffamasiya müddəalarının dekriminallaşdırılması islahatının reallaşmaması təhlükəsindən narahatlıq keçirir. Hər iki təşkilat hökuməti diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutan müddəaları Cinayət Məcəlləsindən çıxarmağa və media qanunvericiliyini islahat yolu ilə beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır.

Bundan əvvəl diffamasiyaya görə cəzanın internetdə yayılan məzmuna görə də tətbiq olunmasını nəzərdə tutan son qanunvericilik dəyişikliklərinin təhlükə altına saldığı diffamasiya islahatı yeni hücuma məruz qalıb.

Belə ki, Prezident Administrasiyası söz azadlığına təminat yaradacaq əsas müddəaları Venesiya Komissiyasına təqdim edilən diffamasiya haqqında qanun layihəsindən çıxarıb.

RATİ və MHİ vətəndaş cəmiyyəti və ATƏT-in Bakı Ofisinin iştirakı ilə hazırlanmış qanun layihəsi əvəzinə təhrif olunmuş layihənin ekspertiza üçün Venesiya Komissiyasına göndərilməsindən ciddi narahatlıq hissi keçirir. 

Belə ki, “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi təklifi ATƏT-in təşəbbüsü ilə vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə 2012-ci ildə hazırlanaraq Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdu. 2012-ci ilin sentyabr ayında rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilən layihə təklifinin mətni isə ictimaiyyətə qapalı tutulurdu. Layihə təklifi yalnız 2013-cü il may ayının 22-də ictimaiyyətə açıqlanıb.

Prezident Administrasiyasına təqdim olunmuş layihə mətni ilə Venesiya Komissiyasına göndərilən mətnin araşdırması göstərir ki, hökumət vətəndaş cəmiyyəti qurumlarının hazırladığı qanun layihəsi təklifinə layihə təklifinin müəllifləri ilə müzakirə aparmadan ciddi redaktələr edib. Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan müddəalarının Məcəllədən çıxarılmasını və vurulmuş mənəvi zərərə görə müəyyən edilən kompensasiyaların hədlərini müəyyən edən maddələr aşağıdakı müddəalar “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin mətnindən çıxarılıb:

Maddə 2. Diffamasiyadan müdafiə haqqında haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi

2.3. Bu Qanunun heç bir müddəası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrlə qorunan və ya ifadə azadlığı ilə bağlı hamılıqla qəbul edilmiş hüquq, azadlıq və təminatların məhdudlaşdırılması kimi şərh oluna bilməz.

 

Maddə 14. Zərərin əvəzinin ödənilməsi

14.2. İddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi düzəliş və (və ya) cavabı yetərli hesab etməsə, cavabdehdən pul kompensasiyası ödəməsini tələb edə bilər. Mənəvi ziyana görə kompensasiyanın məbləği, başqa növ mülki hüquq pozuntularının vurduğu mənəvi zərərə görə təsbit edilmiş kompensasiya məbləğindən artıq ola bilməz. Hər bir halda, mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əmək haqqının 5 mislindən çox ola bilməz.

Maddə 15. Diffamasiyaya görə cinayət məsuliyyətinin  yolverilməzliyi

15.1. Bu Qanunun qüvvəyə minməsi ilə Azərbaycan Respublikasında diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilir.

15.2. Bu Qanunun qüvvəyə minməsi ilə birlikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 323-cü maddələri qüvvədən düşür.

Başqa sözlə, hökumət rəsmilərini sərbəst tənqid etmə azadlığını təmin edəcək müddəalar hökumət tərəfindən qanun layihəsindən çıxarılıb.

Bu müddəalar çox vacibdir. RATİ və MHİ hesab edir ki, bu müddəalar qanuni qüvvəyə minməzsə ölkədə söz azadlığı boğulmağa davam edəcək.

Diffamasiya qanunvericiliyi böhtan və təhqirə görə cinayət məsuliyyətinin tamamilə ləğv olunmasını nəzərdə tutmalı, ifadə azadlığını əsassız və qeyri-adekvat müdaxilələrdən qorumaq üçün mülki cəzaların dəqiq çərçivəsini müəyyən etməlidir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) Azərbaycan Respublikası Prezident Administrasiyasının beynəlxalq ekspertiza üçün Venesiya Komissiyasına təqdim etdiyi “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin qeyd olunan testlərə cavab vermədiyini vurğulayır.

RATİ və MHİ qeyd edir ki, Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cinayət cəzaları nəzərdə tutan 147, 148 və 323-cü maddələri defamativ məzmuna görə qeyri-adekvat maddi təzminatların ödənilməsini müəyyən edən məhkəmə təcrübəsi ilə birlikdə Azərbaycanda jurnalistlərin ifadə azadlıqlarının boğulması üçün əsas vasitələr olaraq qalmaqdadır. RATİ və MHİ hər hansı le­gi­tim məqsədə proporsional sayıla bilməyən sanksiyalara yol açan bu bədnam maddələrin ləğv edilməməsinin Ölkə Konstitusiyasına, Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixdə imzaladığı “Milli fəaliyyət proqramı”na zidd olduğunu, habelə Avropa İnsan Haqları Konvensiyasının tələbləri, Avropa Şurasının və Avropa Məhkəməsinin ifadə azadlığı standartları ilə bir araya sığmadığını, Azərbaycanda ifadə azadlığını cid­di təhlükə doğurduğunu vurğulayır.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın hüquqi şərhini verən ekspertlərdən ibarət müstəqil qurum- BMT İnsan Hüquqları Komitəsi qeyd edir ki, “diffamasiya qanunları hazırlanarkən diqqət yetirilməlidir ki, praktikada onlar … ifadə azadlığının boğulmasına xidmət etməsin. … İştirakçı dövlətlər diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması nəzərdə saxlamalı, cinayət müddəalarının tətbiqinə yalnız ən ciddi hallarda yol verilməli və müvafiq cəza tədbiri kimi heç vaxt azadlıqdan məhrum etmə tədbiri seçilməməlidir”.

Azərbaycan dövləti də “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın iştirakçısı olduğu üçün  bu paktın müddəalarına əməl etməlidir.

AŞPA-nın 1577 (2007) saylı Qətnaməsinin 1-ci bəndində (diffamasiyanın dekriminallaşdırılması) qeyd olunur:

“Avropa İnsan Haqları Məhkəməsinin (Məhkəmənin) president hüququnda müəyyən olunduğu kimi, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (ETS No.5) əsasən, ifadə azadlığı təkcə xoşluqla qəbul olunan, təhqiredici hesab olunmayan və ya laqeydlik doğuran “informasiya” və ya “ideya”lara deyil, eləcə də şok edən, təhqir edən və ya narahat edən  “informasiya” və ya “ideya”lara da şamil olunur.”

Azərbaycan Avropa Şurasının üzvü kimi bu müddəalara əməl etməlidir.

RATİ və MHİ Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasında, Helsinki Müqaviləsində,  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə əks olunmuş standartlara və öhdəliklərə əməl etməyə çağırır. Bu məqsədlə, RATİ və MHİ Azərbaycan hökumətini insan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunları ləğv etməyə çağırır.

RATİ və MHİ hökuməti ATƏT-in təşkilatçılığı ilə vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə hazırlanmış qanun layihəsi təklifini olduğu kimi beynəlxalq ekspertizaya təqdim etməyə, ifadə azadlığının məhdudlaşdırılmasının qarşısını almaq üçün həmin qanun layihəsini təxirə salmadan müzakirəyə çıxarıb qəbul etməyə çağırır. RATİ və MHİ hökuməti diffamasiya haqqında ölkə qanunvericiliyini beynəlxalq ifadə azadlığı standartlarına uyğunlaşdırmağa çağırır.

RATİ və MHİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də bu layihənin təşkilatçısı olan ATƏT-i bu məsələyə reaksiya verməyə və  Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlanmış qanun layihəsinin qəbulu ilə bağlı təzyiqlər etməyə çağırır.

Previous Post

Azerbaijan: New legislative amendments further erode rights to freedom of expression and peaceful assembly

Next Post

ABŞ-Azərbaycan münasibətləri insan hüquqlarına hörmət və qanunun aliliyi prinsiplərindən asılı olmalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.