ABŞ VƏ NORVEÇ SƏFİRLİKLƏRİ BİRGƏ BƏYANAT YAYIB

yanvar 15th, 2010
ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri Naxçıvan Muxtar respublikasının Bənəniyar kəndindəki vəziyyətlə əlaqədar narahatlıq ifadə edən bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunur ki, yanvarın 13-də Bənəniyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədilə ABŞ və Norveç səfirliklərinin diplomatları həmin kəndə yola düşüblər: “Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək onları kənd sakinləri ilə hər hansı əlaqə yaratmadan kəndi tərk etməyə məcbur ediblər. Biz Azərbaycan hökumətini Bənəniyar kəndində baş verən insidenti tam  şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq” – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, yanvarın 13-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində diplomatlara qarşı təxribat olub. Bəzi öyrədilmiş şəxslər kəndə gələn xarici diplomatların qarşısına çıxaraq onlardan çıxıb getmələrini tələb ediblər. Kənddəki mənbələrin bildirməsinə görə, həmin öyrədilmiş şəxslərin bir çoxu heç bənəniyarlı olmayıblar. Onları qonşu Əbrəqunus və başqa kəndlərdən gətiriblər.
 Xatırladaq ki, Məhərrəm ayının doqquzuncu və onuncu günlərində  kənd sakinləri sinə vurublar və bir neçə sakin başını da yarıb. Həmin gün kəndə polis müdaxilə edib və bir neçə sakini həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Orada saxlanılan şəxslərə fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirib. Orada olan polislər isə ona “yandır” deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb. Bundan sonra vəziyyət daha da qarışdığından kəndə polis qüvvələri yeridilib.