VASİF TURAN EVİNİN ƏRAZİSİNİ ƏLƏ KEÇİRMƏK ÜÇÜN YANDIRILDIĞINI İDDİA EDİR

  “Bolgexeber.com” saytının baş redaktoru Vasif Turanın hüquqlarının müdafiəsi üzrə İctimai Komitə yaradılıb. Bu barədə bu gün RATİ-də keçirilən mətbuat konfransında bildirilib.

Vəkil Rasim Əlizadə deyib ki, bu zərurət jurnalist barəsində cinayət işi açılacağı ilə hədələndikdən sonra yaranıb. Onu 2011-ci il oktyabrın 7-də evinin yanmasının və iki azyaşlı uşağının həlak olmasının obyektiv və ədalətli araşdırılmasını tələb etdiyi üçün hədələyirlər.

    Vasif Turanın sözlərinə görə, yanğın axşam 11 saatlarında baş verib, o özü və həyat yoldaşı evdə olmayıb. Ev birmərtəbəli olsa da 11 və 9 yaşlı oğulları evi tərk edə, qapını aça və ya pəncərədən tullana bilməyiblər. Bundan başqa, yanğın zamanı evdə partlayış olub, baxmayaraq ki, evdə qaz yox idi. Atanın və onun vəkilinin evin yandırılmasına və içəridə kiminsə atdığı partlayıcı maddələr olmasına dair ciddi şübhələri var.

    Faktla bağlı polisdə deyil, Fövqəladə Hallar Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb. Nazirlik bunu yanğın faktı kimi izah edib. Ekspertizada göstərilib ki, yanğının səbəbi qısa qapanma olub. Vasif Turan və onun vəkili isə bununla qətiyyən razılaşmır, olayda yandırma faktı olduğunu iddia edirlər. Belə ki, ərazi üstündə çəkişmələri olan yerli kərpic zavodunun direktoru ilə Vasif Turan arasında dəfələrlə problem yaşanıb. Zavodun direktoru hər dəfə nazir Kəmaləddin Heydərovun qohumu olması ilə lovğalanıb.

    Zərərçəkmişin ölkə prezidentinə, DİN rəhbəri və MM spikerinə, Baş Prokurora müraciətləri, Vasif Turanın Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq məsələnin aydınlaşdırılacağına vəd verilməsini nəzərə almasaq, nəticə verməyib.

 

 

Previous Post

NEFT GƏLİRLƏRİNİN ƏHALİNİN ƏMƏK HAQQINA TƏSİRİ İLƏ BAĞLI ARAŞDIRMA HAZIRLANIR

Next Post

PREZİDENT APARATI RƏSMİSİ XƏDİCƏ İSMAYILOVA İLƏ BAĞLI BƏYANAT VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.