VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏDƏ İŞTİRAKI TƏMİN EDİLDİ

Bu gün Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərovun Şəki Apellyasiya Məhkəməsinin 2 noyabr 2011-ci il tarixli qərarından verdiyi kasassiya şikayəti üzrə proses keçirilib.

Prosesdə Vidadi İsgəndərovun vəkili Yalçın İmanov, dövlət ittihamçısı Ceyhun Budaqov iştirak edib.

Prosesdə Yalçın İmanov Vidadi İsgəndərovun məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim vəsatəti təmin edərək növbəti məhkəmə prosesini aprelin 10-a təyin edib.

Xatırladaq ki, Vidadi İsgəndərov ötən il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirli bilinib. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisinin  3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 2 noyabr 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR İNTERNET AZADLIĞI İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

Next Post

“DEMOKRATİYA NAMİNƏ MUSİQİ” KAMPANİYASI AVROPA MEDİASINDA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.