Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun barəsində Nəsimi rayon Məhkəməsinin 2 may 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Hüquq müdafiəçisinin vəkili Akif Əlizadənin məhkəmədən sonra RATİ-yə verdiyi məlumata görə, prosesin təxirə salınmasının səbəbi Vidadi İsgəndərovun məhkəməyə gətirilməməsidir və hakim növbəti prosesi 10 may saat 16:00-a təyin edib.
Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi. Mayın 2-də isə ona qarşı otən il keçirilən parlament seçkilərinə mudaxilə ittihami ilə cinayət işi qaldırılıb, haqqında 2 ay müddətinə həbsqətimkan tədbiri seçilib.