MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR ZİDDİYYƏTLİ İFADƏLƏR VERİB

Dünən (4 iyun) Abşeron rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127, (Qəsdən sağlamlığa az ağır zərər vurma)128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər – “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəsibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov məlumat verib.
”Dünənki prosesdə şahid qismində ifadə verən taksi sürücüsü Tahir Nəcəfov müstəntiqin ona ağ vərəqdə qol çəkdirdiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiqləməyib” – deyən E.Sadıqov vurğuladı ki, şahidlərin  ifadələrində ziddiyyət olub.
M.İsmayıloğlunun yeni şahidlərin dindirilməsi üçün vəsatət qaldırdığını deyən E.Sadıqov, vəsatətin hakim tərəfindən təmin edildiyini və növbəti məhkəmə prosesinin iyunun 11-i saat 16:00-a təyin edildiyini dedi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” İCTİMAİ BİRLİYİ AYLIQ HESABATINI AÇIQLADI

Next Post

EYNULLA FƏTULLAYEV HAQQINDA FİLM ÇƏKİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.