“YENİ MÜSAVAT” QƏZETİNİN MÜXBİRİ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

iyun 25th, 2009
İyunun ayının 23-də naməlum şəxslər  gecə saat 22.00 radələrində “Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Məmmədlinin  evinə gələrək ona  mənəvi təzyiq ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E.Məmmədlinin bildirdiyinə görə,  həmin vaxt yaxınlıqda yaşayan anasının evində olub.

“Həyat yoldaşım zəng edərək, naməlum şəxslərin məni axtardığını dedi. Dərhal evə qayıtdım və yolda təhlükəsizlik tədbiri kimi  Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə  məlumat verdim. Həyətdə dörd nəfər naməlum şəxsi vardı. Özünü Nizami Məmmədov kimi təqdim edən şəxs bildirdi ki, VAZ 2109 markalı avtomobilin sahibi yol polisi olan əmisi oğlu Samir Məmmədovla mübahisə edib və özünü jurnalist kimi təqdim etdikdən sonra hadisə yerindən uzaqlaşıb. N.Məmmədov dedi ki, əmisi oğlu ona həmin jurnalistin kimliyini araşdırmağı tapşırıb və mənim də eyni markalı avtomobilim olduğundan evimə gəlib maraqlanıblar” – deyən E.Məmmədli vurğuladı ki, yol polisləri ilə heç vaxt mübahisə etmədiyini dedikdən sonra, onlar onu yox, Eldar adlı jurnalisti axtardıqlarını deyiblər və üzr istəyərək çıxıb gediblər.
E.Məmmədli 102 xidmətinə etdiyi zənglə bağlı dünən (24 iyun) Abşeron rayon Polis İdarəsinə çağırılaraq,  hadisə ilə əlaqədar olaraq dindirildiyini  və bu barədə qanuni tədbirlər görülməsini xahiş etdiyini bildirdi.