“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Dünən (07 fevral) “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar polis təzyiqinə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Leyla İlqar bildirib ki, dünən saat 13.30 radələrində Bakının Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında reportaj hazırlayarkən 2 polis işçisinin satıcı bir qadının piştaxtasını təpiklədiyini və onu sürüdüklərinin şahidi olub.

“Bu hadisəni fotoaparatla çəkdiyimi görən həmin polis qadını buraxaraq mənim üstümə gəldi və fotoaparatı istədi. Dedim ki, jurnalistəm və vəsiqəmi göstərdim O, vəsiqəmi alıb əzdi, fotoaparatı tələb etdi. Mən fotoaparatı cibimə qoydum. Polis əlini ataraq fotoaparatı cibimdən çıxardı. Sonra onlar məni zorla polis maşınına mindirdilər və 24-cü polis bölməsinə gətirdilər“ – deyən L.İlqar vurğuladı ki, fotoaparatı vermək istəmədiyi zaman sağ əlindən xəsarət alıb. O, əlavə etdi ki, polis bölməsində ona qarşı fiziki təzyiq olmasa da, mənəvi təzyiqlərə məruz qalıb. Belə ki, onu narkotik alverçisinə qarşı məxfi əməliyyatı pozmaqda günahlandırıblar və bildiriblər ki, bazardakı qadın guya narkotik alverçisi olub. “Bu gün mən yenidən reportaj üçün bazarda olarkən isə həmin qadının yenə də orada alver etdiyinin şahidi oldum” – deyən Leyla İlqar əlavə etdi ki, “Yeni Müsavat” qəzetinin rəhbərliyinin Nizami Rayon Polis İdarəsinin (RPİ) rəisi ilə əlaqə saxlamasından sonra onu sərbəst buraxıblar.
L.İlqar RATİ-yə onu da bildirib ki, təzyiqə məruz qalması ilə bağlı Nizami RPİ-yə və Daxili İşlər nazirinə müraciət edəcək.
Məsələ ilə əlaqədar Nizami RPİ-nin 24-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmənin özünü Bəxtiyarlı kimi təqdim edən növbətçisi əvvəlcə onlarda belə bir məlumat olmadığını bildirdi. Bölmənin rəisi və ya rəis müavinləri ilə danışmaq istədiyimizi dedikdə isə növbətçi bildirdi ki, telefonla heç kimə məlumat verilmir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

QƏNİMƏT ZAHİDƏ HÖKM OXUYAN HAKİM İŞDƏN AZAD EDİLDİ

Next Post

“P.S. NOTA” QƏZETİNİN BAŞ REDAKTORU HƏBS MÜDDƏTİNİ BAŞA VURDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.