“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİB

iyul 17th, 2008

Dünən (16 iyul) “Yeni Müsavat” qəzetinin müxbiri Səbuhi Məmmədli Cəlilabad  Məhkəmə Tibbi Ekspertiza İdarəsinin həkimi Rauf Ağayev və onun qohumu Fərəc Bayramov tərəfindən hədələnib.

Bu xəbəri RATİ-yə verən S.Məmmədlinin sözlərinə görə, hədələnməsinə qəzetin 15 iyul tarixli sayında dərc olunmuş “Cəlilabadda insanlığa yaraşmayan məmur əməli” adlı məqalə səbəb olub.

Jurnalistə zəng vuran F.Bayramov məqalədə yazılanların həqiqətə uyğun olmadığını söyləyib, Məmmədli isə onun mövqeyini dərc etməyə hazır olduğunu deyib və bunu məqalənin sonunda da qeyd etdiyini xatırladıb. Bunu eşitdikdən sonra Bayramovun cavabı belə olub: “Səninlə başqa cür danışacağıq”.
“Bu zəngdən bir qədər sonra mənə gizli nömrədən daha bir zəng gəldi və Rauf Ağayev olduğunu deyən şəxs dərhal məni hədələməyə başladı. O deyirdi ki, redaksiyada gəlib sənin başını kəsəcəm, gör səni necə şikəst edəcəm”, – deyə Məmmədli əlavə etdi.

Qeyd edək ki,  “Cəlilabadda insanlığa yaraşmayan məmur əməli” başlıqlı yazıda S.Məmmədli Cəlilabad rayonunda ürək tutmasından vəfat etmiş Rübabə Rüstəmqızının nəşinin 10 gün ərzində morqda saxlanılması və nəşin verilməsi müqabilində qohumlarından pul tələb edilməsi barədə yazıb.