“YENİ MÜSAVAT” QƏZETİ ŞANTAJ OLUNUB

aprel 20th, 2009
Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova aprelin 16-sı “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edərək qəzeti şantaj edib və məhkəməyə verəcəyini bildirib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat ” qəzetinin əməkdaşı Əfqan Muxtarlı məlumat verib.
Onun sözlərinə görə, bir qrup müəllim qəzetin redaksiyasına zəng edərək onlardan test imtahanının keçirilməsi üçün 6 manat pul yığıldığını, imtahandan keçmək üçün isə müəllimlərin tədris etdikləri fənlərdən və dərs saatlarından asılı olaraq 200-300 manat pul istədiklərini bildiriblər. “Yeni Müsavat” qəzeti isə daxil olmuş şikayətlə bağlı 16 aprel tarixində “Misir Mərdanov və müavinləri imtahan versin” başlıqlı yazı dərc edib.
Həmçinin, Ə. Muxtarlı bildirib ki, M. Nurməmmədova qəzetin redaksiyasına zəng edərək müəllimlərdən 6 manat deyil, 5 manat yığıldığını və bu məlumatı verən şəxslərin adını öyrənmək istəyib. Əks təqdirdə qəzeti şantaj edəcəyini bildirən M. Nurməmmədova, bu yazıya görə qəzetin 500 manat pul aldığını və qəzeti məhkəməyə verəcəyini deyib.
Məsələ ilə bağlı olaraq qarşı tərəflə də əlaqə saxlamaq istədik, lakin iki gün ərzində zəng etməyimizə baxmayaraq, telefonlarımıza cavab verən olmadı.