“YENİ MÜSAVAT” “ÇAP EVİ”NDƏKİ NƏŞRLƏRİNİN DAYANDIRILMASININ SƏBƏBLƏRİNİ AÇIQLADI

aprel 6th, 2009
“Çap Evi”  mətbəəsi hələ də bağlanmaq təhlükəsi ilə üz-üzədir.

Belə ki, “Yeni Müsavat” qəzeti artıq “Çap Evi”ndəki nəşrlərini dayandırıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu verdi. Onun sözlərinə görə “Çap Evi”ndəki nəşrlərinin dayandırılmasına başlıca səbəb mətbəədəki avadanlığın nasaz olması olub: ”Qəzetimizin son zamanlardakı keyfiyyəti çox aşağı düşmüşdü. Bunu artıq oxucularımız da öz iradlarında bizə bildirirdilər və biz bunu nəzərə alaraq “Çap Evi”ndən çıxmağa qərar verdik”. R. Arifoğlu mətbəənin yeni avadanlıqla təmin olunmasından sonra yenə orada nəşr olunacaqlarını da xüsusi qeyd etdi.
Qeyd edək ki, hal-hazırda mətbəəddə yalnız “Bizim Yol” və bir sıra regional qəzetlər çap olunur.
Məsələ ilə bağlı “Bizim Yol” qəzetinin redaktoru Bahəddin Həziyev ilə əlaqə saxladıq. B. Həziyev hələ də “Çap Evi”mətbəəsində çap olunacaqlarını bildirdi: ”Mən hesab edirəm ki, azad mediaya dəstək olan hər kəs bu mətbəədə öz nəşrlərini davam etdirməlidir”.