GƏNC FƏAL AĞASİF ŞAKİROĞLU HƏBS EDİLDİ

Bu gün (03 avqust) səhər saat 6 radələrində “Hədəf” Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu (İbrahimov) yaşadığı mənzildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülərək barəsində bir ay həbs-qətimkan tədbiri seçilib.

Həbsi ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarına Nərimanov rayon məhkəməsində A.Şakiroğlunun özü məlumat verib. “Bu gün səhər məni polis bölməsinə, daha sonra isə Nərimanov Rayon Prokurorluğuna apardılar. Orada bildirdilər ki, hərbi xidmətdən yayındığıma görə, barəmdə axtarış elan olunub. Mən isə bildirdim ki, hərbi xidmətdən boyun qaçırmamışam və bir neçə dəfə Nərimanov rayon hərbi komissarlığından deyiblər ki, nə vaxt sənə çağırış vərəqəsi göndərilsə, onda hərbi xidmətə gələrsən. Buna baxmayaraq mənə qarşı  Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb” – deyən A.Şakiroğlu vurğuladı ki, ictimai-siyasi aktivliyinə görə bu ittihamı sifariş hesab edir. A.Şakiroğlu onu da qeyd etdi ki, bir müddət əvvəl onu www.mia.az saytında Azərbaycan Müdafiə Nazirliyinin ünvanına tənqidi fikirlərinə görə təqib edilməsini də mümkün hesab edir. Belə ki, son vaxtlar orduda baş verən ölüm halları və s. qanunsuzluqlarla bağlı iyulun 31-də saytda fikirlərini bildirib.  “Məncə əsas məqsəd gənclərin gözünü qorxudub, ictimai siyasi aktivliyi azaltmaq, onları ictimai-siyasi fəaliyyətdən uzaqlaşdırmaq və xof yaratmaqdır“ – deyən A.Şakiroğlu bir ay əvvəl Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsinə toxunaraq, öz həbsini həmin ssenarinin davamı olduğunu və bu həbslər seriyasının eyni məqsədə xidmət etdiyini vurğulayıb.”
    Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Məmmədov A.Şakiroğlunun barəsində bir ay həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, məhkəmə iclası saat 17.30-da başlayıb və qapalı keçirilən iclasda saat 18.30-da qərar oxunub. Məhkəmə iclasına A.Şakiroğlunun ailəsinin və media nümayəndələrinin daxil olmasına icazə verilməyib.
A.Şakiroğlunun vəkili Bəhruz Quliyev RATİ-yə bildirib ki, həbs-qətimkan tədbiri barədə qərarı qanunsuz hesab edir və bununla bağlı apellyasiya şikayəti veriləcək.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

PREZİDENTİN NAXÇIVANA SƏFƏRİ ZAMANI JURNALİSTLƏRƏ TƏZYİQ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.